Accessibility links

Ərdəbil neft yatağının gündəlik 500-700 barelə qədər hasilat gücü olduğu bildirilir


Muğanda neft kəşfiyyatı işləri
Muğanda neft kəşfiyyatı işləri

Ərdəbil valisi Hamid Amili Muğan bölgəsində yerləşən Ortadağ neft yatağının rəsmi olaraq ölkənin neft yataqları siyahısına daxil edildiyini açıqlayıb.

Vali İran mediasına verdiyi açıqlamada ilk mərhələdə tədqiqatların başa çatdığını və bu yatağın vilayətin ilk neft yatağı kimi qeydə alındığını bildirib.

Valinin sözlərinə görə, Ortadağ yatağından gündəlik olaraq 500-700 barel neft hasil edilə bilər. Bundan əlavə, bölgədə neft emalı zavodunun qurulmasının planlaşdırıldığı da qeyd olunub.

Ortadağ neft yatağı siyahıya daxil edilsə də hələlik hasilat işlərinə başlanmayıb. Hamid Amili bu xəbəri vilayətdə İbrahim Rəisi hökumətinin layihələrinə dair təqdim etdiyi hesabat sırasında verib. O, hökumətin fəaliyyətini "parlaq və müdafiə olunacaq səviyyədə" qiymətləndirib və Məsud Pezeşkianın rəhbərlik etdiyi hazırkı hökumətə işarə edərək, "ədalət və insafdan danışanlar, bu inkişafları görməzlikdən gəlməsinlər" deyə bildirib.

Rəsmi həmçinin əlavə edib ki, Ərdəbil və Şərqi Azərbaycan vilayətlərində ümumilikdə 42 min hektarlıq bir ərazidə neft kəşfiyyatı işləri davam edir.

Bəzi yerli rəsmilər və millət vəkilləri bölgənin təbii sərvətlərindən, o cümlədən mədənlərdən əldə edilən gəlirlərin yerli əhalinin rifahına ayrılmamasını tənqid edirlər. Ümumiyyətlə, İran Azərbaycanında milli fəallar arasında əvvəldən bəri təbii sərvətlərin hasilatı və bu sərvətlərin yerli əhali üçün faydalı olmaması ilə bağlı narahatlıqlar mövcuddur. Onlar hesab edirlər ki, bu gəlirlər bölgənin sosial-iqtisadi inkişafına töhfə verməyəcək və yalnız mərkəzi hökumətin istifadəsinə yönəldiləcək.

Bəzi İran azərbaycanlıları X sosial şəbəkə istifadəçiləri, neft hasilatının ətraf mühitə zərər verə biləcəyindən və yerli əhalinin bu prosesdən fayda görməyəcəyindən narahat olduqlarını bildiriblər. Onlar həmçinin qeyd ediblər ki, beynəlxalq ekoloji standartlar tətbiq edilmədiyi təqdirdə, bölgə əhalisi ciddi problemlərlə üzləşə bilər.

Forum

XS
SM
MD
LG