Son dörd ayda (martın 20-dən iyulun 21-ə qədər) Şərqi Azərbaycan vilayətində baş verən yol qəzalarında 349 nəfər həyatını itirib.
Bu barədə Fars xəbər agentliyi vilayətin Ədli Tibb İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, günəş ilinin əvvəlindən bu yana vilayətdə baş verən qəzalar nəticəsində 284kişi və 65 qadın həyatını itirib.
Bundan əvvəl Şərqi Azərbaycanda ilin ilk üç ayında yol qəzalarında 261 nəfərin öldüyü bildirilmişdi. Yeni statistika son bir ayda 88 nəfərin qəzalarda öldüyünü göstərir.
Ədli Tibb İdarəsinin rəhbəri Mehrdad Setare ölümlə nəticələnən qəzaların əksəriyyətinin şəhərlərarası yollarda baş verdiyini qeyd edib. Həmçinin rəsmi bildirib ki, ötən ay yol qəzalarında xəsarət alan 1769 nəfər ədli-tibb ekspertiza şöbələrinə müraciət edib.
İranda yol qəzaları ciddi bir problemdir. Hər il minlərlə insan bu qəzalar nəticəsində həyatını itirir. Ümumilikdə, İran dünyada yol qəzaları səbəbindən ölümlərin ən çox olduğu ölkələr arasında yer alır.
İran yol polisinin rəisi Teymur Hüseyninin sözlərinə görə, yol qəzalarında ölümlərin təxminən 70%-i qeyri-standart yollarla bağlıdır.
İranın Ədli Tibb Təşkilatının rəsmi statistikasına əsasən isə 2023-cü ildə bu qəzalar nəticəsində 20 min 450 nəfər həyatını itirib.
Forum