Hüquq müdafiəçiləri Bəhai icmasına mənsub vətəndaş Müjgan Salmanzadənin təqribən 2 həftə öncədən Urmiyə həbsxanasında saxlanıldığını bildirirlər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, xanım Salmanzadə iyul ayının 4-də Qərbi Azərbaycan vilayətinin şimalında yerləşən Makı şəhərində saxlanılıb.
Bəhai inancına mənsub vətəndaşın Makı şəhərində saxlanıldıqdan sonra Urmiyənin mərkəzi həbsxanasının ümumi bölməsinə göndərildiyi bildirilib.
Sosial şəbəkələrdə bəzi mənbələr Salmanzadənin Tehran sakini olduğunu yazıblar.
1979 İslam İnqilabından bəri İran Azərbaycanı və ölkənin digər bölgələrində bəhai icmasına mənsub vətəndaşlar öz dini ayinlərini həyata keçirdikləri üçün siyasi, iqtisadi və sosial təzyiqlərə məruz qalırlar. İran İslam Respublikasının rəsmiləri və rəsmi xəbər agentlikləri bəhai incancını “azmışların firqəsi” adlandırırlar.
İslam Respublikasının təhlükəsizlik qurumları xüsusilə Şərqi və Qərbi Azərbaycan, Həmədan və Qəzvin vilayətlərində bəhai türklərini fərdi və kollektiv şəkildə təqib edirlər.
Hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik, həm də dini ayrı-seçkiliyə məruz qaldığını bildirirlər.
Forum