İyulun 17-də Bakı İnzibati Məhkəməsi hakim Orxan Həsənovun sədrliyi ilə İranda həbsdən qaçıb ağ bayraq qaldıraraq 2023-cü il oktyabrın 12-də Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təslim olan İran vətəndaşı, azərbaycanlı siyasi fəal Puya Purhemmətinin Azərbaycan Dövlət Miqrasiya Xidmətinin siyasi sığınacaqla bağlı müraciətindən imtina etməsindən verdiyi şikayəti təmin etməyib.
Bu barədə Amerikanın Səsinə Purhemmətinin özü bildirib.
“Məhkəmədə deyilənlər mənə gülünc gəldi. Guya mən siyasi qaçqın deyiləm, Azərbaycan (İran Azərbaycanı-red) Demokrat Partiyasının üzvü deyiləm. Amma, mən bu partiyanın İdarə Heyətinin üzvüyəm, idarə edənlərdən biriyəm. Məhkəmədə mənim üçüncü ölkəyə getməklə bağlı müraciətimə toxundular. Dedilər ki, mən demişəm başqa ölkəyə gedib partiyamızın fəaliyyətini davam etdirməliyəm. Guya gedib, üçüncü ölkədə qrant alıb üzv olduğum partiyanı inkişaf etdirəcəm. Sonra Güney Azərbaycanı (İran Azərbaycanı-red) və Azərbaycan Respublikası söhbəti etdilər. Guya İran Azərbaycanında yaşayanların Azərbaycan Respublikasına dəxli yoxdur. Mən isə sual etdim ki, necə olur biz İranda Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyü ilə bağlı aksiyalar keçirəndə, Rusiya silahları İran ərazisi ilə Ermənistana daşınanda etiraz aksiaysı edəndə bir xalq idik, indi yox? Nədən indi İranda yaşayan azərbaycanlıların Azərbaycan Respublikasına dəxli yoxdur? Hakimin özü də məni çox yaxşı başa düşürdü. Amma, şikayətimi təmin etmədi”, o qeyd edib.
Puya Purhemməti məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
“Buna baxmayaraq mənim İrana deportasiya olunmamla bağlı təhlükə qalmaqdadır. İrana deportasiya olunsam orada məni edam gözləyir. Bu səbəbdən dünyada insan hüquqlarını, BMT-nin İnsan Haqları Deklorasiyasını özləri üçün prioritet sayan ölkələrə müraciət edərək məni ölümün pəncəsindən xilas etməyə çağırıram”, o qeyd edib.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, şəxsin vətəndaşı olduğu ölkədə məruz qaldığı hüquqazidd təqiblərdən yaxa qurtarması üçün sığınacaq hüququ var.
“Milli və beynəlxalq qanunvercilik sığınacaq hüququnu tənzimləyir. Azərbaycan konstitusiyanın 70-ci maddəsi siyasi sığınacaq hüququnu tənzimləyir. Həmin maddənin tələblərinə görə, Azərbaycan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir. Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 4-cü maddəsinə əsasən, "Hər bir şəxs digər ölkələrdə təqibdən sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir", o qeyd edib.
Hüquq müdafiəçisi bildirib ki, azərbaycanlı aktivist Puya Purhemməti İranda dinc qaydada yığıncaqlar azadlığından istifadə edib və buna görə edam cəzası təhdidi altında olub.
“O, ölümdən xilas olmaq məqsədilə Azərbaycan-İran sərhədində ağ bayraq qaldırıb, Azərbaycan tərəfindən sığınacaq istəyib ki, bu da beynəlxalq humanitar hüququn və milli qanunvericiliyimizin tələblərinə tam uyğundir. Lakin təəssüf ki, siyasi qaçqının təhlükəsizliyini, sosial-siyasi təminatını yerinə yetirmək əvəzinə onun barəsində cinayət təqibi həyata keçiriblər, üstəlik 3 ay həbsdə saxlayıblar, sonra isə pul tənbehi təyin ediblər - 3000 manat. Puya Purhemmətin işini əvvəldən izlədiyimə görə deyə bilərəm ki, Azərbaycanın prokurorluq orqanları xüsusi canfəşanlıq edir, onun cəmiyyətdən təcrid olunmasına çalışır ki, bu da qüvvədə olan yerli və beynəlxalq qanunvericiliyə ziddir. Obrazlı desək, aktivist yağışdan çıxıb, yağmura düşüb, çünki Azərbaycanda da məhkəmələr müstəqil deyil, hüquq mühafizə orqanları siyasi rejimin əlində alətdir. Odur ki, aktivist Puya Purhemməti ABŞ, İsveçrə, Almaniya, Norveç, Belçika, Danimarka kimi hüquq qaydasının işlədiyi dövlətlərə müraciət edibsə, bu, başadüşüləndir”.
Səfərov hazırda Bakıda olan aktivistin İranın Azərbaycandakı səfirliyi, SEPAH tərəfindən hədələndiyindən, hətta oğurlanıb İrana aparılacağı ilə təhdid olunmasından narahatdır.
“Çağırış edirəm ki, Azərbaycan hökuməti hüquqazidd edam cəzasından xilas olmaq üçün vətənimizə pənah gətirən siyasi qaçqının sonrakı həyat və təhlükəsziliyinə tam təminat verə bilmirsə, ya da bunu istəmirsə, heç olmazsa, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün real şərait olan dövlətlərdən birinə keçirilməsinə əngəl olmasın. Çünki onun çıxışlarından bu qənaətə gəlirəm ki, belə ağır durumunda günün birində Bakı tərəfindən Tehrana təhvil verilmə təhlükəsi də var”, hüquq müdafiəçisi Amerikanın Səsinə deyib.
Puya Purhemməti İranın əxlaq polisinin nəzarətində olarkən öldürülən Məhsa Əmini ilə bağlı 2022-ci il sentyabrın 29-da Təbrizdə keçirilən etiraz aksiyasının təşkilatçılarından olub.
O, etiraz aksiyasından sonra saxlanılıb. İran məhkəməsi Purhemmətini daxili və xarici qüvvələrlə birləşib hökumət əleyhinə etirazlar təşkil etmə ittihamı ilə 3 il həbsə məhkum edib. Məhkəmə hökmünə görə, həbsindən sonra o, 2 il də İran ərazisini tərk edə bilməzdi.
Puya Purhemməti 2023-cü il oktyabrın 9-da girov müqabilində həbsdən buraxılıb. Həbsdən buraxılandan sonra onu yenidən həbsxanaya qaytarmaq üçün axtarıblar. Bu səbəbdən o, oktyabrın 12-də Azərbaycanın Füzuli rayonu istiqamətində ağ bayraq qaldıraraq İran sərhədini keçərək Azərbaycan sərhədçilərinə təslim olub. Purhemməti Azərbaycan Respublikasından siyasi sığınacaq verilməsini istəyib və ya üçüncü təhlükəsiz ölkəyə keçirilməsini xahiş edib.
Buna baxmayaraq, 2023-cü il oktyabrın 14-də Bakı şəhər Səbail rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Puya Purhemməti barəsində Azərbaycan Cinayət Məcəlləsinin 318.1 maddəsi (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) ilə təqsirləndirilən şəxs qismində iki ay həbs qətimkan tədbiri seçib.
Puya Purhemməti 2023-cü il dekabrın 11-də ev dustaqlığına buraxılıb.
Daha sonra Azərbaycanın Füzuli Rayon Məhkəməsi onu 3 min manat cərimə edib və həbs müddəti ilə pul vəsaitini konpensasiya edib.
Puya Purhemməti 1987-ci il sentyabrın 9-da İranın Culfa şəhərində anadan olub. O, İran vətəndaşıdır və hazırda Təbriz şəhrində qeydiyyatdadır. Puya Purhemməti ali təhsillidir və ailəlidir.
Puya Purhemməti deyib ki, hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin üzvüdür.
Puya Purhemməti iyunun 24-də Amerikanın Səsinə müraciət edərək həyatının təhlükədə olduğunu bildirib.
“Birinci, Azərbaycan üçün problem olmaq istəmirəm. Necə ki, Azərbaycanın Dövlət Miqrasiya Xidmətində demişəm. Mən orada dedim ki, köməklik etsinlər humanitar viza ilə daha təhlükəsiz olan üçüncü ölkəyə gedim. Mən Azərbaycandan tezliklə başqa ölkəyə getmək istəyirəm. Açığı, İran səfirliyi məni açıq təhdid edir. Evimin yerini, ünvanını bildiyini bildirir. Mənə qaldığım evin ünvanını dedilər. Ona görə məcbur qalıb, yaşadığım ünvanı dəyişdim. İndi çox çətin şəraitdə, stress altında yaşayıram”, o qeyd edib.
Purhemməti BMT qurumlarına, Azərbaycandakı çoxsaylı səfirliklərə humanitar viza üçün müraciət etsə də, hələ cavab ala bilməyib.
Forum