Accessibility links

Milli fəallar Həmid Purvəli və Cəlal Dehqani cərimə cəzasına məhkum ediliblər


Cəlal Dehqani və Həmid Purvəli Şəhid Qazi Təbatəbayi Ədliyyə Kompleksi önündə, Təbriz
Cəlal Dehqani və Həmid Purvəli Şəhid Qazi Təbatəbayi Ədliyyə Kompleksi önündə, Təbriz

Milli fəallar Həmid Purvəli və Cəlal Dehqaninin Təbrizin 2 saylı Cinayət Məhkəməsi tərəfindən həbs və şallaq cəzasına məhkum edildikdən sonra onların cəzalarının cərimə ilə əvəz edildiyi bildirilir.

HRA xəbər agentliyinin və Araz News Telegram kanalının məlumatına görə, fəalların məhkumluğu cərimə ilə dəyişdirilib, cərimə isə 5 il müddətinə dayandırılıb.

Təbriz Cinayət Məhkəməsinin 108-ci şöbəsinin surəti sosial mediada dərc olunan 2 saylı qərarına əsasən, azərbaycanlı fəalların hər biri “ictimai asayişi pozmaq (qanunsuz mitinqlərə qatılaraq ictimai asayişi pozmaq)” ittihamı ilə günahkar tanınaraq, məhkum edildikləri həbs və qamçı cəzası əvəzinə hökumət fonduna 22 milyon tümən ödəmək cəzası alıblar.

Həmid Purvəli və Cəlal Dehqani 2022-ci ilin iyulun 16-da Təbrizin Rasta Küçə məhəlləsində Urmiyə gölündə yaranan vəziyyət də daxil olmaqla, İran hökumətinin ətraf mühitlə bağlı siyasətlərinə qarşı etiraz aksiyası zamanı saxlanılmışdılar.

2022-ci ilin iyul ayında İran Azərbaycanının müxtəlif şəhərlərində, o cümlədən, Təbriz, Ərdəbil, Sulduz və Qoşaçayda Urmiyə gölündə yaranan ekoloji vziyyət ilə bağlı keçirilən etiraz aksiyaları zamanı onlarla milli fəal təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınmışdı.

Həmid Purvəli və Cəlal Dehqani bundan əvvəl də dinc fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən müxtəlif təzyiqlərə məruz qalıblar.

Forum

XS
SM
MD
LG