Güneyli fəal Cəlal Dehqani Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15 saylı şöbəsinə çağırılıb.
Bu barədə HRA xəbər agentliyi məlumat yayıb. Fəala göndərilən məhkəmə çağırış vərəqəsinin surəti sosial mediada hüquq müdafiəçiləri tərəfindən paylaşılıb.
Məhkəmə sənədinə görə, milli fəal yaxın 5 gün ərzində ona qarşı irəli sürülən ittihamlar barəsində "izahat almaq" üçün Təbriz İnqilab Məhkəməsinə getməlidir. Çağırış vərəqəsində milli fəalın istəsə vəkillə məhkəməyə gələ biləcəyi qeyd edilib.
Həmin məhkəmə vərəqəsində onun məhkəməyə gəlmədiyi təqdirdə fəalın həbsinə order veriləcəyi vurğulanıb.
Çağırış vərəqəsi milli fəala fevralın 21-də verilib və 5 gün ərzində həmin mhəkəməyə müraciət etməsi istənilib.
Cəlal Dehqani 2022-ci ilin iyul ayının 16-da İran Azərbaycanının müxtəlif şəhərlərində Urmiyə gölündə yaranmış ekoloji vəziyyətə etiraz olaraq keçirilən aksiyalar zamanı Təbrizin Rasta küçəsində 15 nəfər ilə birgə təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı. O, iyulun 19-da müvəqqəti zaminə buraxılmışdı.
Daha sonra məhkəmə 2 nəfərin təqsirkar olduğuna, 14 vətəndaşın, o cümlədən Cəlal Dehqaninin araşdırma və istintaq prosedurunun dayandırılmasına və işinə xitam verilməsinə qərar vermişdi.
Forum