Accessibility links

“Tərtər işi” üzrə təqsirli bilinən hərbi qulluqçulara hökm oxunub


“Tərtər işi” üzrə həbs olunanların qohumları, eləcə də həmin iş üzrə zərərçəkmişlər prokurorluğun qarşısında etiraz aksiyası keçiriblər. (arxiv foto-VOA)
“Tərtər işi” üzrə həbs olunanların qohumları, eləcə də həmin iş üzrə zərərçəkmişlər prokurorluğun qarşısında etiraz aksiyası keçiriblər. (arxiv foto-VOA)

“Tərtər işi” ilə bağlı ittiham olunan Azərbaycan Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuları Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İyunun 4-də Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokuror Ruslan Mikayılov və Sənan Maşıyevin 9 il 10 ay, Cabir Qəhrəmanovun 8 il 5 ay, Elçin Əliyevin isə 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində bir qrup hərbi qulluqçunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxslər sorğulama prosesinə cəlb edilib.

Məlumatda deyilir ki, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılıb, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunan 16 şəxs barəsində 16 cinayət işi üzrə verilən apellyasiya protestləri təmin edilərək hökmlər ləğv edilib.

“Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən Rəşad Niftəliyev, Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov, Polad Əzizov, Elçin Əliyev və İntiqam Məmmədov Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib, həmçinin Polad Əzizov istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib”.

Prokurorluğun məlumatında həbs edilənlərin hansı vəzifə daşıdıqları barədə məlumat verilmir.

Eyni zamanda həbs edilən şəxslərin yaxınları və vəkilləri hələ açılqama verməyib.

Son illərdə “Tərtər işi” ilə bağlı öldürülən, işgəncələrə məruz qaldığı iddia edilən, həbs edilən şəxslərin yaxınları istintaqın yekunlarına və məhkəmə hökmlərinə etiraz olaraq rəsmi qurumların binaları qarşısında çoxsaylı aksiyalar keçirib. Hüquq müdafiəçiləri, müxalif siyasi partiyalar hüquq mühafizə orqanlarını və hökuməti obyektiv araşdırma aparmağa çağıran bəyanatlarla çıxış edib.

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayıb. Onlar Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində vəfat etdiyi ilə bağlı iddialar yayılıb. Baş Prokurorluq həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərini çağıraraq, onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq edib.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyib.

Məhkəmə prosesləri də əsasən, qapalı keçirilib.

Hüquq Müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, “Tərtər işi” üzrə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxaran hakimlərin barəsində də hüquqi məsuliyyət tədbiri seçilməlidir.

2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.

Sənəd müəllifləri “Tərtər işi”ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmanın zəruriliyini bildiriblər. Belə ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib.

“Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb.

25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb,” sənəddə deyilir.

Forum

XS
SM
MD
LG