Accessibility links

İran Azərbaycanında siyasi fəallara “açıq məhkəmə” tələbi ilə kampaniya başladılıb


Şəkillər sosial şəbəkələrdə paylaşıkan videoların ekran görüntüləridir.
Şəkillər sosial şəbəkələrdə paylaşıkan videoların ekran görüntüləridir.

İran Azərbaycanında son vaxtlar nəzarət altına alınmış və ya hazırda məhkəmə prosesləri davam edən türk fəalların məhkəməsinin açıq keçirilməsi tələbi ilə kampaniya başladılıb.

Keçən təqribən 2 həftə ərzində onlarla fəal sosial şəbəkələrdə qısa vide-mesajlar paylaşaraq hazırda müxtəlif ittihamlar ilə İran Azərbaycanı və Tehranda mühakimə edilən siyasi fəallar haqqında açıq məhkəmə keçirilməsini tələb ediblər.

Araz News xəbər saytı və Telegram kanalında yayılan xəbər və video-görüntülərə əsasən, kampaniya tanınmış fəal Yürüş Mehrəlibəylinin çağırışı ilə başladılıb.

“Tanınmış türk fəal Yürüş Mehrəlibəyli bir video yayımlayaraq bütün türklər və azadlıq istəyən hər kəsdən tələb edib ki, Azərbaycanın siyasi məhbuslarına dəstək üçün məhbuslara açıq məhkəmə tələbi kampaniyasına qatılsınlar,” Araz News bildirib.

Keçən günlərdə Yürüş Mehrəlibəylidən əlavə, onlarla fəal, o cümlədən Səid Minayi, Murtuz Nurməhəmmədi Nadarlı, Hüseyn Əmani Nadarlı, Lətif Həsəni, Davud Şiri, Siyamək Kuşi, Əqil Azərdoxt, Əli Babayi, Məhəmmədrza Müvəhhid, Həbib Negəhban, Əsgər Fuladzadə, Əli Həmzəzadə, Əmin Nuri, Əmirəli Bəradəran, Salar Tahir Afşar, Rəhim Qulami, Teoman Şahin, Yılmaz Mehrəlibəyli, Hüseyn Xudayi və Əli Hacıməhəmmədi videolar paylaşaraq açıq məhkəmə kampaniyasına qatılıblar.

Sabiq siyasi məhbus Hüseyn Əmani Nadarlı paylaşdığı qısa videoda deyib ki, “mən Hüseyn Əmani Nadarlı Güney Azərbaycanın siyasi məhbuslarına açıq və ələni məhkəmə istəyirəm, gizli və tapşırıqlı məhkəmələr deyil. Yaşasın azadlıq, ədalət, milli hökümət.”

Yazar və mədəni fəal Səid Minayi isə paylaşdığı video-mesajda türk fəalların təhlükəsizliklə bağlı ittihamlara məruz qalmasına diqqət çəkib: “Bizim fəalları nəzarət altına alıb və təhlükəsizlik ittihamlar irəli sürürlər. Niyə? Buna görə ki, bunların məhkəməsi açıq olmasın, münsiflər heyəti olmasın. İran Konstitusiyasının 168-ci maddəsində deyir ki, siyasi və media fəaliyyətləri ilə bağlı mühakimə edilən şəxslər münsiflər heyətinin iştirakı ilə açıq məhkəmələrdə mühakimə olunmalıdırlar. Ancaq mənim də aralarında olduğum 16-17 fəala siyasi deyil, təhlükəsizlik ittihamı vurublar ki, həm vəkillərin bu işlərə baxmasına mane olsunlar, həm də desinlər ki burada müsinflər heyəti ola bilməz, bu məhkəmə açıq ola bilməz!”

Son aylar İranın məhkəmə və təhlükəsizlik orqanları İran Azərbaycanı, eləcə də Tehran, Əlburz və Gilan kimi vilayətlərdə yaşayan türk fəallara təzyiqləri artırıblar. Fevral ayının ilk həftəsində həmin vilayətlərdə saxlanılıb və Tehranın Evin həbsxanasına göndərilən çox-sayda fəaldan bir neçəsinin həbsi hələ də məhkəmə hökmü olmadan davam edir.

Forum

XS
SM
MD
LG