Təqribən üç ay əvvəl İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınaraq Tehranın Evin həbsxanasına göndərilən siyasi fəallardan bir qismi məhkəmə hökmü olmadan hələ də nəzarətdə saxlanılır.
Hüquq müdafiəçiləri fevral ayının ilk həftəsində Evin həbsxanasına göndərilən fəalların sayının 30-a yaxın olduğunu bildiriblər. Onların bir çoxu keçən həftələrdə müvəqqəti azadlığa buraxılıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi cümə günü yaydığı xəbərdə həbsi davam edən türk fəallardan 7-sinin adını dərc edib.
“Türk fəallar Murtəza Pərvin, Bağır Hacızadə, Ayaz Seyfxah, Kəmal Nuri və Araz Əman, Kərim Mərdanə və Tahir Nəqəvi nəzarət altına alındıqdan bəri qeyri-müəyyən bir vəziyyətdə Evin həbsxanasında saxlanılırlar,” deyə HRA agentliyi bildirib.
Agentlik fəalların həbsindən üç aya yaxın keçməsinə rəğmən onların hələ də müvəqqəti azadlığa buraxılmadığına diqqət çəkib.
Keçən günlərdə fevral ayının 5-7-si tarixlərində saxlanılan fəallardan bəzilərinə qarşı “İranın milli təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamının irəli sürüldüyünə dair məlumat yayılıb.
İnsan haqları vəkili Sina Yusufi iki həftə əvvəl Amerikanın Səsinə verdiyi müsahibədə deyib ki, “bu fəalların müxtəlif şəhərlərdən Tehrana aparılması onu göstərir ki, onlar İranın Ali Milli Təhlükəsizlik Şurasının göstərişi ilə nəzarət altına alınıblar.”
Forum