Accessibility links

Venesiya Komissiyası Gürcüstanı “xarici agent” qanununu ləğv etməyə çağırıb


Gürcüstan parlamenti qarşısında etirazlar, 15 may 2024
Gürcüstan parlamenti qarşısında etirazlar, 15 may 2024

Avropa Şurasının Venesiya Komissiyası Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” mübahisəli qanunu ləğv etməli olduğunu qeyd edib.

Mayın 21-də dərc etdiyi təcili rəyində Venesiya Komissiyası “əsaslı qüsurlara malik qanunun” birləşmək və ifadə azadlığı, şəxsi toxunulmazlıq hüququ, ictimai işlərdə iştirak hüququ və ayrı-seçkiliyin qadağan edilməsi baxımından əhəmiyyətli mənfi nəticələrə səbəb olacağını bildirib.

“Şəffaflığın təmin edilməsi məqsədi güdüldüyü iddia edilən qanun, maliyyə vəsaitlərinin cüzi bir hissəsini belə xaricdən alan birliklərin və medianın damğalanması, susdurulması və nəticədə ləğv edilməsi riski daşıyır. Məhz hökuməti tənqid edən birliklər və medianın təsirə məruz qalacağına dair güclü risk yaranır ki, onların aradan çıxarılması açıq, məlumatlı ictimai müzakirələrə, plüralizmə və demokratiyaya mənfi təsir göstərəcək”, Komissiyanın rəyində qeyd edilir.

Həftələrlə davam edən kütləvi etirazlara baxmayaraq, Gürcüstan parlamenti “Rusiya qanunu” adlandırılan qanun layihəsini mayın 14-də üçüncü oxunuşda qəbul edib.

Venesiya Komissiyası Gürcüstan parlamentinin Komissiyanın rəyini gözləmədən qanunu qəbul etməsindən təəssüfünü ifadə edib və əlavə edib ki, bu prosedur gürcü xalqının böyük hissəsinin narahatlığına açıq-aşkar məhəl qoymadan, həqiqi müzakirə və mənalı məsləhətləşmələrə yer verilmədən həyata keçirilib.

Mayın 18-də Gürcüstan prezidenti Salome Zurabişvili qanuna veto qoyub. Gürcüstanın hakim partiyası ilə fikir ayrılığı yaşayan Zurabişvili deyib ki, qanun layihəsi Gürcüstan konstitusiyasına və “Avropa standartlarına” ziddir və “ləğv edilməlidir”.

Hakim Gürcüstan Arzusu partiyası Zurabişvilinin vetosunu ləğv etmək üçün parlamentdə kifayət qədər çoxluğa malikdir və növbəti günlərdə bunu edəcəyi gözlənilir. Gürcüstan hökuməti israr edir ki, qanunun məqsədi şəffaflığı təbliğ etmək və ölkədə zərərli xarici təsirləri məhdudlaşdırmaq məqsədi daşıyır.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsində 20 faizdən çox xaricdən maliyyələşən bütün qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin göstərildiyi reyestrin yaranması nəzərdə tutulur. 2023-cü il martın 7-də Gürcüstan parlamenti kütləvi etirazlara səbəb olan qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Martın 8-də aksiya yenidən başlayıb və martın 9-da səhər saatlarında “Gürcü arzusu” və “Xalqın gücü” hərəkatı bu qanun layihəsini parlamentdən geri götürüb.

Buna baxmayaraq, 2024-cü il aprelin əvvəlində “Gürcü arzusu” qanun layihəsini yenidən parlamentə təqdim edib. Birinci variantdan fərqli olaraq, yenidən işlənmiş sənəddə “xarici təsir agenti” ifadəsi əvəzinə “xarici maraqları güdən təşkilat” ifadəsi işlədilir. Sənəd aprelin 17-də birinci oxunuşda, mayın 1-də isə ikinci oxunuşda qəbul edilib. Sənədin qəbulu iqtidaryönlü çoxluq və müxalifət nümayəndələri arasında toqquşmalarla müşayiət olunub.

“Bu qanunun qəbulu Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir göstərir”, Avropa İttifaqının xarici məsələlər üzrə ali nümayəndəsi Cozep Borrel bildirib.

Gürcüstan ötən ilin dekabrında İttifaqa namizədlik statusu alıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG