Accessibility links

Yazıçı Əkrəm Əylisli ona qarşı 8 il əvvəl qaldırılan cinayət işinə xitam verilməsini istəyir


Yazıçı Əkrəm Əylisli
Yazıçı Əkrəm Əylisli

Yazıçı Əkrəm Əylisli 8 il əvvəl ona qarşı açılan cinayət işinə xitam verilməsi xahişi ilə baş prokuror Kamran Əliyevə açıq məktubla müraciət edib.

Məktubda deyilir ki, Hava Nəqliyyatında Polis İdarəsi tərəfindən ona qarşı qaldırılan cinayət işinin (Azərbaycan Cinayət Məcəlləsinin 315.1-ci maddəsi - hakimiyyət nümayəndəsinə müqavimət göstərmək) Bakı Şəhər Prokurorluğuna göndərilməsindən artıq 8 ildən çox keçib.

“Əgər ortada həqiqətən cinayət işi varsa, istintaqın bu qədər uzadılmasına səbəb nədir? Mən 87 yaşın içindəyəm, cənab Baş Prokuror! Tanınmış ziyalıyam. Azərbaycanın Əməkdar İncəsənət Xadimi, ölkənin yüksək "İstiqlal" ordeninin kavaleri, Azərbaycan oxucusunun sevgi və rəğbətlə qarşıladığı onlarla kitabın müəllifiyəm. Dünyanın 30-dan çox ölkəsində kitablarım nəşr edilib. Bütün bunlara baxmayaraq, artıq 8 ildən çoxdur ki, sevdiyim vətənimdə sənədsiz və hüquqsuz yaşamağa məhkum edilmişəm. Şəxsiyyət vəsiqəmin Prokurorluq tərəfindən müsadirə edilməsi bir çox məişət məsələlərində mənim üçün ciddi problemlər yaradır”, o qeyd edib.

Yazıçı hesab edir ki, ona qarşı göstərilən münasibət qeyri-qanuni, qeyri-insani və qeyri-əxlaqidir.

“8 ildən çox davam edən bu heyrətamiz istintaq süründürməçiliyinə nəhayət son qoymaq üçün tərəfinizdən təsirli tədbir görüləcəyinə inanmaq istəyirəm”, Əylisli qeyd edib.

Xatırladaq ki, Əkrəm Əylislinin problemləri 2012-ci ildə, 80-ci illərin sonlarında Ermənistan-Azərbaycan münaqişəsinin başlanğıcını təsvir etdiyi "Daş yuxular" romanını dərc etdikdən sonra başlayıb.

2013-cü ildə o, "Möhtəşəm tıxac" trilogiyasını dərc edib, burada Azərbaycanın sovet dövrünə aid və cari siyasi ənənələrini ifşa edib.

Bundan sonra Azərbaycanda yazıçıya qarşı təqiblər başlayıb, o, bütün mükafatlarından və imtiyazlarından məhrum edilib.

2016-cı ilin martında Əkrəm Əylislinin Venesiyada keçirilən Beynəlxalq Yazıçılar Forumuna getməsinə icazə verilməyib və ona qarşı gömrük əməkdaşına qarşı zorakılıq ittihamı ilə cinayət işi açılıb.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG