Accessibility links

Ələsgər Məmmədlinin qardaşı: Sanki girovluqdadır, bu zülmkar münasibət yolverilməzdir


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

"Toplum TV"-nin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin səhhəti pisləşib. Bu barədə mayın 13-də onunla telefon danışdığından sonra qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə bildirib.

“Bu gün Ələsgər bəylə 5-6 dəqiqəlik telefonla danışdım. Səhətində yaxşılığa doğru dəyişiklik yoxdur. Nəfəs almaqda çətinliyi davam edir. Gecə normal yata bilmir. Uzanıqlı halda boğulma hissi yaranır. Qan təzyiqi normadan yüksəkdir. Səsində problem yaranıb. Bir cümləlik nitqində bir neçə dəfə udqunur. Boğazındakı qalxanabənzər vəzin iynə biopsiyası üçün şərait yaradılmır”, o qeyd edib.

Nəsimi Məmmədli deyib ki, 10 gündən çoxdur təcridxanada müayinə və qan analizləri götürülsə də hələ nəticəsi nə özünə nə də vəkilinə təqdim olunmayıb.

“Əvvəlki müalicəsi bitib, yenisini isə bu səbəbdən başlaya bilmirik”, o qeyd edib.

O hesab edir ki, qardaşı Ələsgər Məmmədlinin ciddi müalicəyə ehtiyacı olmasına baxmayaraq "dəlilsiz, sübutsuz" həbsdə saxlanılır.

“Sanki girovluqdadır. Onu özəl yaxud dövlət klinikalarında öz vəsaitimiz hesabına müayinə, müalicə və əməliyyat etdirməklə bağlı müraciətimiz cavabsız qalıb. Dövlət orqanlarının bir işıqlı insana, aydına, xüsusilə də təqsirsiz insana qarşı bu zülmkar münasibət yolverilməzdir”, Nəsimi Məmmədli qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmət Ələsgər Məmmədlinin səhhəti ilə bağlı məlumatlara hələ münasibət bidlirməyib. Penitensiar Xidmətin Müalicə Müəssisəsi isə məlumat almaq üçün nəzərdə tutulan telefonlarına cavab vermir.

Ələsgər Məmmədli martın 8-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bundan əvvəl, martın 6-da "Toplum" TV və Demokratik Təşəbbüslər İnstitutunun daha 7 əməkdaşı saxlanılıb. Onlardan 5-nin barəsində həbs qətimkan tədbiri seçilib, daha ikisi polis nəzarətinə verilib.

Forum

XS
SM
MD
LG