Mayın 7-də Bakının Nərimanov Rayon Məhkəməsində Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalının Qafqazinfo.az onlayn nəşrinə qarşı iddiası üzrə hazırlıq iclası başa çatıb.
Babalının iclasda iştirakı təmin edilib. İddia 28 dekabr 2023-cü ildə Qafqazinfo.az saytında dərc edilən "Hafiz Babalının işi üzrə yeni detallar" adlı yazı ilə əlaqədar qaldırılıb.
İddiaçı hesab edir ki, yazıda araşdırmaçı jurnalist kimi Babalının şərəfinə, ləyaqətinə və işgüzar reputasiyasına xələl gətirən böhtan və təhqiredici məlumatlar var.
Məqalədə bildirilib ki, "Babalı qrant layihələrilə əlaqədar xarici təşkilatlar və fondlar ilə əlaqə quraraq, onların tapşırığı ilə araşdırmalar aparıb və məqalələr hazırlayıb".
Babalı bu iddianı böhtan adlandırıb, xarici təşkilatların və fondların sifarişilə araşdırmalar aparmadığını və onların sifarişilə məqalələr dərc etdirmədiyini bildirib. O deyib ki, araşdırmalar onun jurnalist fəaliyyətinin bir hissəsi olub, bu çərçivədə hər zaman jurnalistikanın etik prinsiplərinə və normalarına riayət edib.
Bundan əlavə, heç kim və heç zaman araşdırmalar və dərc olunan məqalələrlə bağlı irad irəli sürməyib, bu materiallardakı məlumatlar isə heç bir inzibati orqan tərəfindən təkzib edilməyib və məhkəmədə mübahisələndirilməyib.
Jurnalist "Hafiz Babalının iştirak etdiyi layihələrə Avropadakı azərbaycanlı siyasi mühacirlərin cəlb edilməsi" barədə fikirləri də böhtan adlandırıb.
Babalı məhkəmədən xahiş edib ki, nəşrə böhtan xarakterli iddiaları təkzib etməyi, ondan üzr istəməyi və 9900 manat məbləğində kompensasiya ödəməyi, redaksiyaya 119 manat məbləğində məhkəmə xərclərini ödəməyi həvalə etsin.
Vəkil Rəsul Cəfərov iddianı dəstəkləyərək Babalıya qarşı qaçaqmalçılıq üzrə istintaqın aparıldığı Bakı Şəhər Baş Polis İdarəsinin nümayəndəsinin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin edib.
Qafqazinfo.az saytının nümayəndəsi iddianın təmin edilməməsini istəyib, ancaq bunun lehinə heç bir sübut göstərməyib.
Hakim Səbinə Nuriyeva mahiyyəti üzrə dinləmələri iyunun 11-nə təyin edib.
Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı "xarici valyuta qaçaqmalçılığı" ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə o, üç ay müddətinə ilkin həbs cəzasına məhkum edilib. Babalı "Abzas Media işi" üzrə cəlb edilib. Hüquq müdafiəçiləri Hafiz Babalını siyasi məhbus kimi tanıyıb.
Forum