İran İslam Respublikası son aylarda siyasi fəallar, fərqli icmalar və ictimai qruplar, o cümlədən qadınlar və qeyri-fars icmalarına mənsub fəallara qarşı təzyiqləri olduqca artırıb.
Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsinə müsahibədə məcburi hicab qaydalarının hər keçən gün daha aqressiv şəkildə tətbiq edilməsi, İran Azərbaycanı və digər bölgələrdə türk fəalların kollektiv şəkildə saxlanılması və İranın müxtəlif etnik icmalarına qarşı artan təzyiqləri dəyərləndirib.
Bilgin hesab edir ki, 2022-ci ilin genişmiqyaslı etirazlarından sonra gücünü itirən İslam Respublikası hakimiyyəti yenidən müəyyən dərəcədə gücünü bərpa etsə də, ölkədə gündən-günə artan etiraz səslərini tam yatırmaq iqtidarında deyil.
“2022 etirazlarında ki, qadın məsələsi ilə böyük demokratik hərəkat başladı. Orada İran hakimiyyəti bir böyük yara aldı. O da xalqa böyük ruh verdi. 2022-dən bu yana davamlı etirazlar oldu. 2 ildir ki, xalq rejimə açıq şəkildə meydan oxuyur. Özəlliklə qadınlar geyimləri ilə etirazını göstərir,” Bilgin bildirib.
Siyasi fəal İslam Respublikası hakimiyyət orqanlarının öz gücünü bərpa etməyə başladığını önə çəkib:
“Rejim çox zəyif durumdaydı. Ancaq, deyə bilərik ki, rejim özünü toparlamağa başlayıb. Niyə ki, Qərb ölkələrindən rejimə pozitiv siqnallar gəldi. Özəlliklə neft və qaz sektorunda rejimin əli açıldı... Bir tərəfdən də içəridə demokratik qüvvələrin bir-biri ilə anlaşa bilməməsi, yəni həm qeyri-fars millətlər həm də fars demokratik qüvvələrinin bir-birlərinə yaxınlaşaraq bir müxalifətin formalaşmaması səbəbi ilə, indi rejim 2022-dən sonra yaranan o boşluğu doldura biləcəyini görür. İsrailə görüntüdə də olsa birbaşa savaş açması ilə rejimə bir cürət gəldi ki, basqıları şiddətləndirməyə meyillənib.”
Mahmud Bilgin bütün bunlara rəğmən İran hakimiyyətinin repressiya gücü baxımından 2022-ci il etirazlarından əvvəlki dövrə qayıtmasının mümkün olmayacağını vurğulayır.
“Bütün bunlara rəğmən demək olmaz ki, hakimiyyət hücüm edir və demokratik qüvvələr geri durur. Mən fikr edirəm ki, hakimiyyət nə qədər cəhd etsə də 2022-dən öncəyə dönə bilməyəcək. Ancaq, rejim də çalışır ki, özünü güclü göstərsin. Ona görə, bəzi təşəbbüslərə əl atır ki, xalqı qorxutsun. Qorxutsun ki, xalq bundan daha irəli gedə bilməsin. Çünki, xalq bundan daha irəli getsə rejim bunu kontrol edə bilməyəcək. Ancaq bu göz qorxutmalar daha dərinə gedə bilməz. Çünki, xalqda rejimə qarşı nifrət artıb və rejimdən qorxusu tökülüb. Bu böyük həqiqətdir ki, xalq sırf müxalifətin rejimə qarşı alternativinin olmamasından dolayı xalq birlikdə hərəkət etmir,” deyə siyasi fəal əlavə edib.
Forum