Accessibility links

Güneyli fəal Peyman Kərimpurun həbs hökmü qüvvədə saxlanılıb


Təbriz, Şəhid Beheşti Ədliyyə Kompleksi
Təbriz, Şəhid Beheşti Ədliyyə Kompleksi

Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi Təbriz sakini olan milli fəal Peyman Kərimpur haqqında həbs hökmünü qüvvədə saxlayıb.

Hüquq müdafiəçilərinin sosial mediada yaydığı hesabata görə, o, bundan əvvəl ötən il dekabr ayında Şəhid Beheşti Ədliyyə Kompleksi binasında yerləşən Təbriz Ümumi və İnqilab Məhkəməsinin 2 saylı şöbəsi tərəfindən “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək”, “müqəddəsləri təhqir etmək” və “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” kimi ittihamlardan təqsirli tanınıb.

Həmin məhkəmə, ona ümumilikdə 2 il 5 ay həbs cəzası verib, bundan əlavə 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub. İlkin məhkəmə Peyman Kərimpurun mobil telefonunun “cinayət törətmək vasitəsi” olaraq, hökumətin xeyrinə müsadirə edilməsinə qərar vermişdi.

İlkin məhkəmənin hökmünü vilayətin Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.

Bu azərbaycanlı fəala qarşı ittihamların onun sosial mediada İran İslam Respublikasının siyasətləri ilə bağlı tənqidi yazıların dərci ilə bağlı olduğu güman edilir.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, kiberpolis və təhlükəsizlik qüvvələri son zamanlar sosial mediada monitorinqləri artıraraq, kiber məkanda fəalları və tənqidçiləri çağırıb hədələməklə onlara təzyiq göstərirlər.

İran İslam Respublikası ölkədəki bütün sosial şəbəkə platformalarını bloklasa da, insanlar bu sosial şəbəkələrə daxil olmaq üçün VPN-lərdən istifadə edirlər.

Rejimin təhlükəsizlik qüvvələri və məhkəmə orqanları, tənqidçiləri bu platformalarda izləməklə, onlara qarşı iş qaldıraraq həbs və digər cəzalara məhkum edir.

Forum

XS
SM
MD
LG