Accessibility links

Ukraynaya dəymiş zərərin reyestri fəaliyyətə başlayıb


Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində dəymiş zərərin qeydiyyata alınması üçün yaradılmış reyestr aprelin 2-dən fəaliyyətə başlayıb.

Ukraynaya gələcək kompensasiya mexanizminin ilk komponenti kimi nəzərdə tutulan reyestrdə müharibə nəticəsində fiziki və hüquqi şəxslərə, habelə Ukrayna dövlətinə və yerli hakimiyyət orqanlarına dəymiş ziyan, itki və ya xəsarət haqqında sübut və iddiaların qeydiyyatı aparılacaq.

“Ukraynalılar ədalətin bərqərar olacağını eşitmək istəmirlər. Onlar bunun artıq baş verdiyini görmək istəyirlər. Təkcə döyüş meydanında deyil, məhkəmə zallarında və real qərarlarda da. Onların bunu tələb etmək hüququ var”, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Haaqa şəhərində keçirilən “Ukrayna üçün ədalətin bərpası” konfransında deyib.

Kuleba bildirib ki, zərərlərin reyestri hazırda fəaliyyətdədir və ukraynalılara yaşayış əmlakına dəyən ziyan və ya dağıntıya görə kompensasiya tələb etmək imkanı verir. Rəsmi məlumata görə, bu kateqoriya üzrə reyestrə 3 yüz mindən 6 yüz minədək müraciətin olacağı gözlənilir.

Ukraynalı Nazir əlavə edib ki, reyestrlə yanaşı Ukrayna üçün beynəlxal kompensasiya mexanizminin yaradılması və Rusiyanın dondurulmuş aktivlərinin bu istiqamətdə müsadirə edilməsinin heç də az əhəmiyyət kəsb etmir.

Ukrayna üçün beynəlxalq kompensasiya mexanizmi məsələsi 44 ölkənin iştirak etdiyi “Ukrayna üçün ədalətin bərpası” konfransının yekun bəyannaməsində də qeyd edilir.

Bəyannaməyə imza atan ölkələr həmçinin Ukraynaya qarşı təcavüz cinayətinin təhqiqatı və təqibi üçün xüsusi Tribunalın yaradılması istiqamətində işləməyə sadiq qaldıqlarını qeyd ediblər.

“Mən bu məsələdə nəticə əldə edilməsinin vacibliyini dərk edən bütün dövlətlərə minnətdaram. Əminəm ki, birlikdə işləməklə biz bütün lazımi həll yollarını tapa biləcəyik və Tribunalın fəaliyyətini reallaşdıracağıq”, Dmitri Kuleba qeyd edib.

Ukraynaya dəymiş zərərin qeydiyyatı üçün reyestr yaradılması barədə razılıq 2023-cü ilin may ayında Avropa Şurasının ölkələri liderlərinin Reykyavik sammitində əldə edilib. Reyestr Ukraynada ofisi olmaqla, Niderlandın Haaqa şəhərində yerləşir.

Forum

XS
SM
MD
LG