Accessibility links

Arif Hacılı: Hakimiyyət müxalifəti siyasi sistemin tərkib hissəsi kimi tanımır


Arif Hacılı-Müsavat partiyasının başqanı
Arif Hacılı-Müsavat partiyasının başqanı

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində ölkədə prezident seçkilərindən sonra müxalif siyasi partiyaların durumundan danışıb.

Amerikanın Səsi: Prezident seçkilərindən sonra müxalif siyasi partiyalara münasibətdə hökumətin mövqeyində hansı dəyişiklikləri müşahidə edirsiniz? Sizin partiyaya münasibətdə hökumətin mövqeyi necədir?

Arif Hacılı: Hakimiyyətin mövqeyində hər hansı bir əsaslı dəyişiklik baş verməyib. Çünki əslində bu seçkilərdə bir alternativ də mövcud deyildi. Əgər diqqətlə izləsək görərik ki, bu seçkilər ərəfəsində İlham Əliyev cəmiyyətə hər hansı vədlər verməyib. Buna ehtiyac da duymamışdı. Yəni bu baxımdan hakimiyyətin cəmiyyətə olan münasibətində hər hansı dəyişikliklər hiss olunmur.

Arif Hacılı: Hakimiyyət müxalifəti siyasi sistemin tərkib hissəsi kimi tanımır
please wait

No media source currently available

0:00 0:06:51 0:00

Amerikanın Səsi: Bəs Sizin partiyaya münasibətdə?

Arif Hacılı: Müsavat Partiyasına münasibətdə də eyni proses davam edir. Yəni hakimiyyət ölkədə müxalifəti siyasi sistemin tərkib hissəsi kimi tanımaq istəmir. Azərbaycanın aparıcı müxalifət partiyalarının resurslarını əlindən almaq, onların imkanlarını məhdudlaşdırmaq istiqamətində siyasiət aparılır və seçkilərdən sonra bu siyasət davam etdirilir.

Amerikanın Səsi: Müxalifətdə olan siyasi partiyalar ölkənin ictimai-siyasi həyatı ilə bağlı tədbirlərin müzakirələrinə dəvət edilirmi? Hökumətin müxalifətdə olan siyasi partiyalarla dialoqu mövcuddurmu?

Arif Hacılı: Bundan əvvəlki sualınıza cavabda dedim ki, Azərbaycan hakimiyyəti Azərbaycanın gerçək müxalifət qüvvələrini siyasi sistemin tərkib hissəsi kimi tanımır. Bu baxımdan hakimiyyət müxalifətin təkliflərini nəzərə almır, müxalifətlə hər hansı bir müzakirələr aparmır. Elə bir görüntü yaratmağa çalışır ki, guya Azərbaycanda ümumiyyətlə müxalifət mövcud deyil. Əgər müxalifət mövcuddursa onda hakimiyyətin nəzarəti altında olan, parlamentdə təmsil olunan siyasi partiyalardır. Bu baxımdan ölkədə normal bir siyasi dialoq şəraiti mövcud deyil.

Amerikanın Səsi: Müxalif patiyalara qarşı münasibətdə qanunvericilik normalarına əməl edilirmi? Pozulmuş hüquqlarınızın müdafiəsi üçün hansı üsullardan, hüquqi tədbirlərdən istifadə edirsiniz? Məqsədlərinizə nail olmayanda nə edirsiniz?

Arif Hacılı: Əslində Azərbaycanda siyasi fəaliyyətlə bağlı, bərabər hüquqlu siyasi rəqabət şəraiti ilə bağlı qanunvericilikdə də problemlər var. Konstitusiyada da problemlər var. “Siyasi Partiyalar haqqında” qanunda da problemlər var. Bu problemlər qanuna son əlavə və dəyişkliklərdən sonra bir qədər də artırıldı. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda da problemlər var. Hətta bu problemli qanunların özünə də Azərbaycan hakimiyyəti əməl etmir. Faktiki olaraq ölkədə sərbəst toplaşmaq azadlığı ləğv edilib. Siyasi partiyaların normal fəaliyyəti üçün şərait yaradılmır. Bircə onu müqayisə edək. Məsələn, Yeni Azərbaycan Partiyasının resursları, Yeni Azərbaycan Partiyasının fəaliyyəti üçün yaradılan şəraitlə Müsavat Partiyasına yaradılan, daha doğrusu yaradılmayan şəriaiti müqayisə etsək Azərbaycan hakimiyyətinin hətta Azərbaycan konstitusiyasında nəzərdə tutulan bərabər hüquqlu siyasi rəqabət şəraitinə münasibətini müəyyənləşdirmək olar. Yəni, bizim bütün qərargahlarımız əlimizdən alınıb. Müsavat Partiyası dövlət büdcəsindən maliyyələşmir. Eyni zamanda, məsələn Azərbaycan hakimiyyəti Yeni Azərbaycan Partiyası üçün çox ciddi şərait yaradıb. Bir çox rayonlarda onların çox böyük, hətta sovet dövründə olan Kommunist Partiyasının qərargahlarından daha böyük, daha geniş qərargahları var. İndi məlum olub ki, bu qərargahların bəziləri dövlət büdcəsi hesabına tikilib. Dövlət büdcəsindən milyonlarla vəsait alırlar. Onların hər hansı bir tədbir keçirməsinə hər cür şərait yaradılır. Halbuki Müsavat Partiyası hətta bəzi hallarda öz yerli strukturlarının yığıncaqlarının keçirilməsi ilə əlaqədar problemlərlə üzləşir. Yəni, partiyanın maliyyə fəaliyyətinə imkanlar verilmir. Partiyaya ianələr verən adamlar təqib olunur. Ona görə indi artıq partiyaya ianə verən şəxslər də mövcud deyil. Yəni, hakimiyyət hər bir halda müxalifətin, o cümlədən Azərbaycanın əsas müxalifət partiyası olan Müsavat Partiyasının fəaliyyətini, resurslarını məhdudlaşdırmağa çalışır.

Amerikanın Səsi: Bəs bunun səbəblərini necə izah edərdiniz?

Arif Hacılı: Azərbaycanda təəssüf ki, avtoritar rejim mövcuddur. Azərbaycan hakimiyyətinin siyasəti hakimiyyətinin qorunmasına yönəlib. Söz və ifadə azadlığının təqib olunması, sərbəst toplaşmaq azadlığının ləğv edilməsi, gerçək müxalifət partiyalarına qarşı hakimiyyət tərəfindən edilən təzyiqlər, ölkədə plüralist şəraitin olmasının qarşısını almaq, ölkədə azad və ədalətli seçkilər yolu ilə hakimiyyət strukturlarının formalaşmasının qarşısını almaq mövcud hakimiyyətin ömrünü uzatmaq məqsədi daşıyır.

Amerikanın Səsi: Hazırki şəraitdə müxalifətdə olan siyasi partiyalar seçiçilərlə, ictimaiyyətlə münasibətlərini necə qurur? Bu sahədə hansı problemlər mövcuddur?

Arif Hacılı: Bizim əsas əlaqələrimiz internet resursları vasitəsilədir. Müəyyən televiziya çıxışlarımız olur. Müəyyən internet resurslarında, youtube kanallarında çıxış edirik. Müəyyən sosial şəbəkələrdən istifadə edirik. Bundan başqa Müsavat Partiyasının ölkənin demək olar ki, bütün rayonlarında strukturları var ki, bu strukturlar vasitəsilə öz ideyarımızı, fikirlərimizi cəmiyyətə çatdırmağa və Azərbaycanda demokratik bir cəmiyyətin, hüquqi bir dövlətin qurulması uğrunda mübarizəmizi davam etdirməyə səy göstəririk. Bu sahədə böyük uğurlar qazanmaq indiki avtoritar şəraitdə çətindir. Çünki ölkədə əgər 200-dən çox siyasi məhbus varsa, ölkədə söz və ifadə azadlığı daim təqib olunursa və bərabər hüquqlu siyasi rəqabət şəraiti mövcud deyilsə təbii ki, belə bir şəraitdə müxalifətin normal fəaliyyət göstərməsi və cəmiyyətə öz idealarını, öz fikirlərini daha asanlıqla çatdırmaq imkanları məhduddur.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz? Sizin partiyanın mövcud durumdan çıxış üçün proqramı var?

Arif Hacılı: Müsavat Partiyası son parlament seçkilərində partiyanın seçki manifestini dərc etmişdi. Burada biz indiki vəziyyətdən çıxış yolları ilə bağlı öz təkliflərimizi vermişdik. Bilirsiniz ki, bu il də parlament seçkiləri olacaq. Biz bu seçkilərdə də öz seçki platformamızın layihəsini hazırlamışıq. Müsavat Partiyasının strukturlarında müzakirələr davam edir. Biz zaman-zaman internet resursları üzərindən, məhdud olan mətbuat imkanları vasitəsilə, Müsavat Partiyasına informasiya dəstəyi verən saytlar vasitəsilə öz fikirlərimizi həm cəmiyyətə, əslində həm də hakimiyyətə çatdırırıq. Təəssüf ki, bir çox hallarda bizim təkliflərimiz, ideyalarımız hakimiyyət tərəfindən qəbul olunmur.

Qeyd: Bu, Müsavat Partiyasının başqanı Arif Hacılının fikirləridir. Hökumət rəsmiləri isə ölkədə fundamenntal hüquqların, o cümlədən toplaşmaq, birləşmək, söz və fikir azadlığının tam təmin edildiyini, iradəsinə görə insanların təqib edilmədiyini bəyan edir.

Forum

XS
SM
MD
LG