Accessibility links

AİHM Azərbaycanla bağlı 5 yeni qərarını elan edib


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 28-də Azərbaycandan göndərilmiş 21 ərizə ilə bağlı qərar və qərardadlarını elan edib. Məhkəmə işlərdən birinə mahiyyəti üzrə baxaraq şəxsi həyata hörmət hüququnun pozulduğunu təsbit edib. Digər dörd işdə isə tərəflər dostca anlaşıblar.

Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə qorunan Şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozuntusu “Mürsəliyev Azərbaycana qarşı” işində aşkarlanıb.

Azərbaycanda Avropa Məhkəməsi qərarlarının monitorinqini aparan aihmaz.org saytının məlumatına görə, ərizəçi Azad Mürsəliyev fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin hazırda mühacirətdə olan rəhbəri Elşad Abdullayevin yaxın qohumudur. Mürsəliyev “Təzadlar” qəzetində “Tanınmış hüquqşünasdan xəbərdarlıq zəngi” sərlövhəsi ilə dərc edilmiş müsahibəyə etiraz edib.

Ərizəçinin dayısı, Elşad Abdullayevin qardaşı Mahir Abdullayev itkin düşmüş, müvafiq cinayət işi açılmışdı. Tanınmış vəkil Ramiz Zeynalovdan götürülmüş müsahibə həmin olaylarla əlaqəli idi, ərizəçi və qohumları dolayısı ilə cinayətdə ittiham olunurdu. Şərəf və ləyaqətinin aşağılandığını iddia edən ərizəçi qəzeti və vəkili həm mülki, həm də xüsusi ittiham qaydasında məhkəməyə verib. Yerli məhkəmələr həmin iddia və şikayətlərin hamısını rədd edib.

Ərizəçi daxili məhkəmələr qarşısında Ramiz Zeynalovun müsahibəsində onu öz dayısına qarşı ağır cinayət törətməkdə ittiham etməklə ona böhtan atdığını bildirsə də, yerli məhkəmələr həmin ifadələrin böhtan xarakterli olmadığını qərar veriblər. Yerli məhkəmələr bildiriblər ki, Mahir Abdullayevin itkin düşməsi ilə bağlı cinayət işinin istintaqı davam etdiyi üçün vəkilin söylədiklərinin doğru olub-olmadığını müəyyən etmək mümkün olmayıb.

Yerli məhkəmələrin yanaşmasından narazı qalan ərizəçi AİHM qarşısında şəxsi həyata hörmət hüququna müdaxilə edildiyinə dair iddia qaldırıb.

AİHM qərarında qeyd edib ki, daxili məhkəmələrin bu işlə bağlı əsaslandırması Avropa Məhkəməsinin presedent hüququ ilə müəyyən edilmiş ümumi prinsiplərə uyğun gəlmir və ərizəçi barəsindəki ifadələrin ifadə azadlığı hüququnun ölçülərindən kənara çıxıb-çıxmadığını lazımi qaydada araşdırıldığını nümayiş etdirmir.

Digər tərəfdən, yerli məhkəmələr bütün müvafiq halları adekvat qiymətləndirməyiblər və ərizəçinin şəxsi həyatına hörmət hüququnun əhəmiyyətini diqqətə almayıblar. Məhkəmə yekunda dövlətin Konvensiyanın 8-ci maddəsi üzrə pozitiv öhdəliklərini yerinə yetirmədiyinə qərar verib. Qərara görə, hökumət ərizəçiyə 2 min avro təzminat ödəyəcək.

Bu gün çıxarılan digər bir qərar isə “Həşimov Azərbaycana qarşı” işi üzrədir.

Jurnalist, onlayn xəbər portalının baş redaktoru Mirələm Həşimov 2015-ci ildə Masallı rayon hakimiyyət orqanlarında vəsaitlərin mənimsənilməsindən, icra hakiminin göstərişi ilə rayon mərkəzində ağacların kəsilməsindən və digər iddialardan bəhs edən 3 məqalə dərc edib.

Masallı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının iddiasından sonra yerli məhkəmələr ərizəçini 500 Azərbaycan manatı məbləğində təzminat ödəməsinə qərar vermişdi. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, yerli məhkəmələrin qərarları onun ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququnu pozub.

Bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmanın şərtlərinə görə, hökumət ərizəçiyə 1600 avro mənəvi zərər, 800 hüquqi xərclər əvəzi ödəməlidir.

Məhkəmənin elan etdiyi digər üç iş müxtəlif illərdə Bakıda dinc toplantıların keçirilməsinin qadağan edilməsi və ya digər məhdudiyyətlərin tətbiqindən verilmiş şikayətlərlə bağlı olub. Hər üç işdə ərizəçilər Konvensiyanın 11-ci (Yığıncaqlar və birləşmək azadlığı) və 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozulduğunu iddia ediblər.

Azərbaycan hökuməti hər üç işdə pozuntunu etiraf edib və tərəflərə təzminat qarşılığında dostca anlaşma təklif edib.

“Sadıqov və Cavadov Azərbaycana qarşı”, 14 ərizənin birləşdirildiyi “İsmayılov və başqaları Azərbaycana qarşı” və 3 ərizənin birləşdirildiyi “Cəfərov və başqaları Azərbaycana qarşı” işi üzrə çıxarılan qərardadlar tərəflərin dostca anlaşmasına əsaslanır.

Qərardadlara əsasən, hökumət hər üç iş üzrə ərizəçilərin hər birinə mənəvi zərər və hüquqi xərclər əvəzi olaraq 1750 avro məbləğində təzminat ödəməlidir.

Forum

XS
SM
MD
LG