Siyasi fəal Abdullah Vahidi 6 həftə nəzarətdə saxlanıldığı Tehranın Evin həbsxanasından mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Araz News xəbər saytı və Abbas Lisani Telegram kanalı bu barədə məlumat yayıb.
Vahidinin 1 milyard 5 yüz milyon tümənlik mülki zəmanət qarşılığında məhkəmə prosesi başa çatana qədər azadlığa buraxıldığı bildirilib.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Abdullah Vahidi fevral ayının 7-də sakini olduğu Gilan vilayətinin Astara şəhərində nəzarət altına alınmışdı. O, təqribən 6 həftə əvvəl İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınıb və Tehranın Evin həbsxanasına göndərilən türk fəallardan biridir.
Milli fəal tutulduqdan sonra öncə Evin həbsxanasının kəşfiyyat qurumunun nəzarətindəki 209-cu bölməyə göndərilib və sorğu-sual prosesinin biməsi ilə ümumi bölməyə köçürülmüşdü.
Ona qarşı irəli sürülən ittihamlar haqqında məlumat yayılmayıb. Ancaq Amerikanın Səsinin İran Azərbaycanında fəaliyyət göstərən hüquq müdafiəçilərindən aldığı məlumata görə, Vahidi ilə eyni günlərdə Evin həbsxanasına göndərilən digər siyasi fəal Murtəza Pərvin “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq”da ittiham edilir. Pərvinin həbsi davam edir.
Fevral ayının 5, 6 və 7-ci günlərində müxtəlif vilayətlərdə həbs edilərək Tehranın Evin həbsxanasına göndərilən təxminən 15 milli fəaldan bir neçəsi keçən həftələr ərzində zəmanətlə müvəqqəti azadlığa buraxılıblar. Onlardan Murtəza Pərvin, Səid Camalzadə, Tahir Nəqəvi, Ayaz Seyfxah, Araz Əman, Kəmal Nuri, Kərəm Mərdanə və Əbdüləziz Əzimi Qədimin həbsinin davam etdiyi bildirilir.
Forum