Accessibility links

Tehran həbsxanasında saxlanılan təbrizli fəalların işgəncəyə məruz qaldığı bildirilir


Ayaz Seyfxah və Araz Əman (Mənbə: Araz News Telegram kanalı)
Ayaz Seyfxah və Araz Əman (Mənbə: Araz News Telegram kanalı)

Təqribən 40 gün əvvəl Təbrizdə nəzarət altına alındıqdan sonra Tehranın Evin həbsxanasına köçürülən siyasi fəallar Ayaz Seyfxah və Araz Əmanın işgəncəyə məruz qaldıqlarına dair məlumat yayılıb.

Aznews TV və Araz News xəbər saytı kimi mənbələr bu barədə fəalların yaxınlarına istinadən məlumat yayıblar.

Araz News saytı fəalların Evin həbsxanasının Kəşfiyyat Nazirliyinin nəzarətindəki 209-cu bölmədə işgəncə altında sorğu-sual edildiklərini yazıb.

“Ayaz Seyfxah və Araz Əmanın ailələri uzun müddətdən sonra cümə axşamı günü onlarla telefon vasitəsilə danışa biliblər. Ailələrə yaxın mənbələr deyib ki, onlar fəalların təhlükəsizlik məmurları tərəfindən ağır şəkildə döyüldüklərini öyrəniblər. O cümlədən, Araz Əmanın dişlərindən, Ayaz Seyfxahın isə ayağından xəsarət aldığı öyrənilib”, Araz News bildirib.

Fəalların ailələrindən həmçinin “yemək xərci” adı ilə pul alındığına dair məlumat yayılıb.

Hazırda Seyfxah və Əman xaricində onlarla eyni günlərdə tutulan türk fəallar Səid Camalzadə, Tahir Nəqəvi, Murtəza Pərvin, Abdullah Vahidi, Kəmal Nuri, Kərəm Mərdanə və Əbdüləziz Əzimi Qədimin də Evin həbsxanasında saxlanıldığı bildirilir.

Fevral ayının 5, 6 və 7-də Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Gilan, Əlburz və Tehran vilayətlərində təqribən 15 milli fəal nəzarət altına alınıb. Saxlanılan fəalların çoxu daha sonra ailələrinə zəng edərək Tehranın Evin Həbsxanasına köçürüldüklərini bildiriblər. Bəzi fəallar keçən həftələrdə mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxahın da təqribən 10 gün öncə həbs edilib və hazırda naməlum bir yerdə saxlanıldığı bildirilir.

Forum

XS
SM
MD
LG