Media məsələləri üzrə təhlilçi Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində jurnalistlərin həbsinin media mühitinə təsirlərindən danışıb.
Amerikanın Səsi: Sizcə son günlər aparılan həbslərin səbəbləri nədir və hansı nəticələri ola bilər?
Xalid Ağaliyev: Ümumiyyətlə son günlər həbslərə, həbs olunanlara baxanda biz görürük ki, onların böyük bir hissəsi, demək olar ki, hamısı media ilə, jurnalistika ilə bağlı olan insanlardır. Azərbaycanda bilirsiniz ki, təxminən iki il əvvəl “Media haqqında” yeni qanun qəbul olunub. Həmin “Media haqqında” qanun qəbul olunandan sonra onun məzmunu ilə bağlı neqativ yanaşmaları biz müşahidə eləmişik. Həm içəridə ekspertlərin, həm də Avropa Şurası Venesiya Komissiyasının müvafiq rəyi olmuşdu. Eləcə də digər müxtəlif rəylər var idi ki, bu qanun media azadlığını çox ciddi məhdudlaşdıran qanundur. Bu qanunun tətbiq olunması fonuna da baxsaq ümumi yanaşma bundan ibarət olmalıdır ki, bu təbiidir. O qanun bu cür davranışların, bu cür hadisələrin baş verəcəyinin xəbərçisi idi. Ümumilikdə isə nəticələrinə gəldikdə bu cür həbslər, eyni vaxtda tutaq ki, iki medianın qapadılması, onlarla jurnalistin məsuliyyətə cəlb olunması və peşə fəaliyyəti ilə məşğul olmaq imkanlarından məhrum edilməsi ilk növbədə jurnalistikaya, media azadlığına çox mənfi təsir göstərəcək. Ümumilikdə bu sahədə çalışmaq istəyənlərə də çox çəkindirici effekt göstərəcək.
Amerikanın Səsi: 2014-cü ildən başlayaraq ölkədə çoxsaylı vətəndaş cəmiyyəti təşkilatları, tənqidçi hesab edilən nəşrlərin fəaliyyəti dayandırılıb. Vəziyyətidən çıxışı nədə görürsünüz?
Xalid Ağaliyev: Doğrudan biz son on ildə baş verən hadisələrə baxsaq ümumilikdə vətəndaş cəmiyyətinin durumuna çox mənfi, öldürücü təsir göstərən hadisələr baş verib. Bu, QHT-lərin bağlanılması, jurnalistlərin müxtəlif ittihamlarla məsuliyyətə cəlb edilməsində özünü göstərib. Biz Avropa məkanına, Avropa ailəsinə daxil olan bir ölkə kimi bu hadisələrin, basqıların yekunu olaraq Avropa Məhkəməsinin qərarlarında görmüşük ki, əslində məsuliyyətə cəlb olunmaq üçün heç bir qanuni əsaslar olmayıb. Ən başlıca məsələ bundan ibarətdir ki, hökümətin yanaşması dəyişməlidir. Hökümət ifadə azadlığına fərqli yanaşmalıdır, ümumiyyətlə vətəndaş cəmiyyətinin daha rahat fəaliyyətinə geniş imkanlar yaratmalıdır.
Amerikanın Səsi: İllər öncə əsassız hesab edilən həbslərlə bağlı ziyalılar, hüquq müdafiəçiləri, hətta Milli Məclisin deputatları rəsmi qurumlara müraciətlər edirdi, müdafiə komitələri yaradılırdı? İndi belə hallara da rast gəlinmir. Səbəbi nədir?
Xalid Ağaliyev: Dediyim kimi son on ildə baş verən hadisələr davamlı olaraq basqı altında fəaliyyət göstərmək ümumilikdə cəmiyyətin hadisələrə reaksiya vermə qabiliyətini də zəiflədib. Azərbaycanda siyasi institutların durumu bəllidir. Müxalif siyasi partiyaların durumu bəllidir. Onların gücü bəllidir. Cəmiyyətlə kontaktda olmaq hamımıza bəllidir. Bu kontekstdə yanaşanda cəmiyyətin reaksiyası da anlaşılandır. Çünki onların öz rəylərini ifadə etmək üçün birləşmək, toplaşmaq azadlığı imkanları məhduddur.
Amerikanın Səsi: Son həbslərlə bağlı beynəlxalq çağırışları necə qiymətləndirirsiniz? Hökumtə təsirləri varmı?
Xalid Ağaliyev: Ümumiyyətlə Azərbaycan hökümətinin beynəlxalq ictimaiyyətin çox sərt yanaşmalarına əks yanaşması haqqında bizim bir təsəvvürümüz var. Hökümət heç bir zaman bu cür yanaşmaları ciddi qarşılamayıb. Ondan doğan hər hansı bir addımlar atmayıb. Bu ümumi mənzərə göstərir ki, daxildə daha başqa üsullardan istifadə olunmalıdır. Hökumətlə bütün danışıq və dialoq imkanlarından məncə istifadə olunmalıdır. Çünki hazırkı qlobal iqlimi də nəzərə alsaq, hökümətin nəzərə almaması bizim üçün qeyri-adi deyil.
Forum