Accessibility links

Prokuror jurnalistə 8 il 3 ay həbs istəyib


Cəmil Məmmədli
Cəmil Məmmədli

Fevralın 29-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı jurnalist Cəmil Məmmədliyə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il 3 ay həbs istəyib.

Növbəti məhkəmə iclası martın 7-nə təyin edilib.

Cəmil Məmmədli regionda fəaliyyət göstərən jurnalistdir. O əvvəllər Azadlıq Radiosunun əməkdaşı olub. Jurnalist bir müddət əvvəl Quba rayon İcra Hakimiyyətinin başçısının şikayəti üzrə təhqirə görə islah işləri cəzasına məhkum olunub. 2023-cü ilin əvvəlində ona qarşı böhtan və təhqir ittihamı ilə bir neçə məhkəmə işi başlanıb. Jurnalistə, həmçinin xuliqanlığa görə cinayət işi açılıb.

Məmmədli bütün ittihamları rədd edib, təzyiqlərin onu susdurmağa, sıradan çıxarmağa xidmət etdiyini bildirib.

Vəkil Fariz Namazlı müdafiə çıxışında bildirib ki, məhkəmədə ittihamlar sübuta yetirilməyib və şikayətçilərlə barışıq əldə olunduğundan jurnalistə bəraət verilməli, o azadlığa buraxılmalıdır.

Məhkəmə ötən il avqustun 24-də jurnalist barədə həbs qətimkan tədbiri seçib.

Cəmil Məmmədli Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə), 178.2 (dələduzluq, eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilir.

Vəkil Amerikanın Səsinə bildirib ki, iddialar üç epizoddan ibarətdir.

“Bunlardan biri xuliqanlıq epizodudur. Guya Məmmədli ictimai yerdə mübahisə zamanı iki nəfərə xəsarət yetirib. Bir dələduzluq epizodu var. Bu Həbibovlar ailəsi ilə bağlıdır. Onların anası 2010-cu ilədək bazarın müdiri olub və öldürülüb. Qətlin üstü hələ də açılmayıb. Həbibovlar iddia edir ki, 2017-ci ildə Cəmil Məmmədli onlara zəng edib ki, qətlin üstünü açacaq və prokuroluğa guya qanunsuz təsir göstərəcək. Bu məqsədlə onlardan 10 min manat pul alıb. Bir neçə zərər çəkən də var. Onlar iddia edir ki, Məmmədli onlardan pul alıb”, o qeyd edib.

Həbibovlar bundan öncə Cəmil Məmmədlini həm də xüsusi ittiham qaydasında Xaçmaz rayon Məhkəməsinə verib. Xaçmaz rayon Məhkməsi onun barəsində islah işləri kəsib.

Forum

XS
SM
MD
LG