İran Azərbaycanının müxtəlif şəhərlərində Urmiyə gölünün şimalındakı Qara Qışlaq kəndinin etirazçı sakinlərinə dəstək kampaniyaları davam edir. Ortaq otlaqlarında böyük bir sodium karbonat fabrikinin tikintisinə etiraz edən Qara Qışlaq sakinləri həftələrdir İran polisi və təhlükəsizlik qüvvələrinin təzyiqi altındadır.
Keçən təqribən 10 gün ərzində bəzi siyasi və mədəni fəallar Qara Qışlaq sakinləri ilə həmrəy olduqlarını açıqlayıb və onların etirazına dəstək mesajları veriblər. Həmçinin bəzi şəhərlərdə divarlara Qara Qışlaq sakinlərinə dəstək məzmunlu elanlar asılıb.
Salmasın Qara Qışlaq kəndinin sakinləri ərazilərinin zəbt edilməsi və ətraf mühiti çirkləndirən fabrikin tikintisinə etirazlarını həftələr öncə başlayıblar. Təqribən 10 gün əvvəl çevik polis qüvvələri kəndlilərin təşkil etdiyi etiraz mitinqini zorakılıq və güc tətbiqi ilə dağıdıb. Etiraz zamanı nəzarət altına alınan onlarla kənd sakini bir neçə gün sonra müvəqqəti azadlığa buraxılıb. Bəzi etirazçıların isə çevik polis qüvvələrinin atəş etdiyi qırma güllələr ilə yaralandığı bildirilib.
Azərbaycan Milli Hərəkatına mənsub siyasi fəallar Qara Qışlaq hadisələrinin Urmiyə gölündə yaşanan ekoloji fəlakətin nəticəsi olduğunu və dolayısı ilə sadəcə Qara Qışlaqın deyil, bütün bölgənin məsələsi oluğunu önə çəkirlər. Ölkə daxilində fəaliyyət göstərən bəzi tanınmış siyasi fəallar da, o cümlədən Abbas Lisani və Lətif Həsəni Qara Qışlaqlıların etirazına dəstək bildiriblər.
Hadisələrdən sonra həmçinin Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazçılara dəstək məzmunlu plakatlar divarlara asılıb.
Sosial şəbəkələrdə paylaşılan görüntülər və xəbərlərə əsasən, ən son cümə axşamı və cümə günü Təbrizin bəzi küçələrində “Qara Qışlaq yalnız deyil” yazılı elanlar asılıb. Divarlara yapışdırılan bəzi posterlərin üzərində isə “qırmızı xəttimiz: toprağımız, kimliyimiz, ləyaqətimiz” yazısı görünür.
Forum