Hüquq müdafiə mənbələri Qərbi Azərbaycanın Qara Qışlaq kəndinin etiraz aksiyası keçirən sakinlərinin Urmiyə Mərkəzi Həbsxanasından müvəqqəti azadlığa buraxılması haqda məlumat verib.
Hüquq müdafiə təşkilatı AHRAZ-ın X (keçmiş Twitter) hesabında dərc etdiyi xəbərə görə, yanvarın 13-də Qərbi Azərbaycan vilayətində yerləşən Salmas şəhərinin Qara Qışlaq kəndinin həbs edilən etirazçı sakinləri sərbəst buraxılıblar.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, həbs edilən etirazçılar zaminə buraxılıb.
Etirazçı kənd sakinlərinə qarşı irəli sürülən ittihamlar barədə hələ ki məlumat yoxdur.
Həbs olunanların sayı barədə dəqiq məlumat verilməyib, lakin məlumatlı mənbələr fabrikin tikintisinə etiraz edən kənd etirazçılarından ən azı 42 nəfərin həbs edildiyini bildirir. Həbs edilənlərin təxminən yarısı qadınlardır. Kəndin indiyədək etiraz edən 22 sakininin adı məlum olub.
Haşım Rzayi, Yusuf Mətləbi, Tohid Məliki, Mehdi Məliki, Rəhim Talibi (85 yaşında), Səfər Rai (60 yaşında), Qulam Məliki (50), Qulam Həqiqət (80), Qəmbər Əmani (70), Hidayət Əmcədi (60), Məhərrəm Həqiqət (70), Murtəza Təyyar (45), Tohid Əkbəri (40) və 70 yaşındakı anası, Əhməd Parsa, üç azyaşlı uşaqın valideyni olan Susənbər, Süməyyə və Elnaz Əlipur, Səidə Əhmədi (evdar qadın), Lətifə Mövlayi, Rubab Əlipur və Susən Qaffarinin adları siyahıda yer alıb.
Etiraz edən Qara Qışlaq kəndinin sakinləri kəndin torpaqlarında natrium karbonat istehsal edən zavodun tikintisinə etiraz olaraq dinc şəraitdə aksiya keçirmişdilər. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində əhali ilə qarşıdurma baş vermişdi.
Aksiyalar zamanı bir neçə kənd sakininin güllələnməsi nəticəsində xəsarət alanların şəkilləri sosial şəbəkələrdə yayımlanıb. Təhlükəsizlik qüvvələrinin kənd sakinlərinin etiraz aksiyasını dağıtmaq üçün ov tüfənginin güllələri ilə etirazçıları hədəf aldığı bildirilir. Yayımlanan fotolardən birində 80 yaşlı bir qadının bədənində ov tüfənginin güllələrinin izi olduğu iddia edilir.
Kənddəki təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə ediblər. Həmçinin sosial mediada təhlükəsizlik qüvvələrinin kənd sakinlərini təhqir etdiyi və aşağıladığı bəzi səs yazıları paylaşılıb.
Qara Qışlaq kənd əhalisi Cəbəl məntəqəsində ümumi otlaq sahələrinin dövlət tərəfindən zəbt edilməsinə və “Kaveh Soda” adlı şirkətə verilməsinə etiraz edir. Onlar həmçinin fabrikin su təchizatı üçün açılacaq quyuların kənd ərazisində su böhranı daha da dərinləşdirəcyini və bunun nəticəsində yaranan tullantıların suyunu və torpağı çirkləndirəcəyini bildirirlər.
Kənd sakinlərinin narahatlığına kənd təsərrüfatı torpaqlarının münbitliyini itirmə riski, sənaye tullantılarının sızması nəticəsində otlaq və bağların zədələnməsi, bölgənin ümumi ekologiyasının məhv edilməsi daxildir.
Forum