Accessibility links

Ərdəbil vilayətində iki məhkum asılıb, onlarla məhkum isə edam gözləyir


Ərdəbil vilayətinin Meşginşəhr (Xiyav) şəhərində narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar edama məhkum olunmuş iki məhbusun hökmü icra edilib. Hüquq müdafiə qurumları vilayətdə həmin ittihamla əlaqədar onlarla məhkumun edamını gözlədiyini bildirirlər.

Son iki həftə ərzində İranın Ərdəbil, Həmədan, Qərbi Azərbaycan, Xorasan, Hörmüzgan, Sistan və Bəlucistan, Qum, Yəzd, Əlburz və Gülüstan kimi vilayətlərində qaçaqmalçılıqla əlaqədar çox sayda məhkumun ölüm cəzası tətbiq edilib.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı (IHR) və HRA agentliyi kimi mənbələrin dekabrın 30-da yaydığı məlumata görə, Meşginşəhrdəki məhkumların biri keçən bazar ertəsi günü, digəri isə cümə günü dar ağacından asılıb.

Edam edilən şəxslərin adları Abdullah Pərixani və Abbas Fərəcoğlu olaraq açıqlanıb. Pərixani və Fərəcoğlu ayrı dosyelər ilə mühakimə olunub və müvafiq olaraq 4 il və 3 il öncədən həbsxanada saxlanılırdılar.

Keçən həftə də Ərdəbil vilayətində 6 məhkumun ölüm cəzasının tətbiq olunduğuna dair xəbərlər yayılmışdı. İHR təşkilatının araşdırmalarına görə, Ərdəbil vilayətində narkotik qaçaqmalçılığı ilə əlaqədar onlarla məhkumun hökmü İranın ali məhkəməsində təsdiqlənib və hazırda təqribən 70 məhkum edam gözləyir.

Forum

XS
SM
MD
LG