İran rəsmiləri biri qadın olmaqla casusluqda ittiham edilən dörd məhkumun cümə günü səhər saatlarında Qərbi Azərbaycan vilayətində dar ağacından asıldığını bildiriblər.
İranın yarı-rəsmi Fars agentliyi bu barədə Qərbi Azərbaycan vilayətinin ədliyyə idarəsinə istinadən məlumat yayıb.
Vəfa Hinarə, Aram Öməri, Rəhman Pərhazu və Nəsim Namazinin edam hökmünün Urmiyənin mərkəzi həbsxanasında tətbiq edildiyi bildirilir.
Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbatinin sözlərinə görə, edam edilən şəxslər “İsrail dövləti ilə kəşfiyyat əməkdaşlığı edərək ölkənin təhlükəsizliyini pozmaq, Allaha qarşı müharibə aparmaq və yer üzündə korrupsiya” ittihamı ilə mühakimə edilmişdilər.
Edam olunan vətəndaşların ən az üçünün İran Azərbaycanının kürd icmasına mənsub olduğuna dair məlumat yayılıb.
Qərbi Azərbaycan Ədliyyə İdarəsi eyni məhkəmə işi çərçivəsində toplam 10 vətəndaşın mühakimə olunduğunu bildirib. Digər müttəhimlərə 10 il həbs cəzası verilib.
“Fars” agentliyi edam olunan müttəhimlərin “etiraflarının” yer aldığı qısa bir video yayımlayıb. Agentlik şəxslərin nə şəkildə və hansı şəraitdə videoya çəkildiyi barədə məlumat verməyib.
İranda 2022-ci ildə hökümət əleyhinə baş qaldıran geniş etirazlardan sonra çox sayda vətəndaş “Allaha qarşı müharibə və yer üzündə korrupsiya” ittihamı ilə mühakimə edilərək edam cəzasına məhkum olunub.
Forum