Accessibility links

Avropa İttifaqı Rusiyadan almaz idxalını da hədəfə alan növbəti sanksiya paketini elan edib


Avropa İttifaqı bazar ertəsi Rusiyaya qarşı növbəti sanskiya paketini elan edib. Sanskiyalar almaz sənayesi də daxil olmaqla, başlıca olaraq Rusiyanın hərbi və müdafiə sektorunu hədəfə alır.

İttifaqın rəsmi açıqlamasına əsasən, 61 fiziki şəxs və 86 quruma, o cümlədən Rusiyanın hərbi sənayesində payı olan 40 şirkətə, Rusiyanın ən böyük sığorta şirkətlərindən olan Alfastraxovanie şirkətinə, habelə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək.

Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel 12-ci sanksiya paketi ilə Rusiyanın “hərbi maşınını” daha da zəiflədəcəklərini bildirib.

“Mesajımız aydındır, biz Ukrayna ilə bağlı öhdəliyimizə sadiqik və Ukraynanın azadlıq və suverenlik uğrunda mübarizəsini dəstəkləməyə davam edəcəyik”, Borrel qeyd edib.

Yeni sanksiya paketi yanvarın 1-dən etibarən Rusiyadan qeyri-sənaye xarakterli təbii və sintetik brilyantların, eləcə də almaz zərgərlik məmulatlarının idxalı, alınması və transferini qadağan edir. 2024-cü ilin martın 1-dən etibarən isə üçüncü ölkələrdə emal edilən Rusiya almazlarının və zərgərlik məhsullarının dolayı idxalına mərhələli şəkildə qadağa qoyulacaq.

Aİ həmçinin bugünədək tətbiq edilən sanksiyaların icra edilməsinə nəzarəti gücləndirməyi, boşluqları aradan qaldırmağı hədəfləyir. Beləki, Aİ ixracatçıları üçüncü ölkəyə hərbi məqsədlər üçün istifadə oluna biləcək “həssas mallar və texnologiya” ixrac edərkən onun Rusiyaya təkrar ixracını müqavilə əsasında qadağan etməli olacaq. Bu, həm mülki, həm də hərbi məqsədlərlə istifadə edilə biləcək elektronika və texnologiya məhsullarına aiddir ki, Aİ onların Rusiyaya birbaşa ixracını daha əvvəl qadağan edib.

Əlavə olaraq, yeni sanksiya paketində kimyəvi maddələr, litium batareyalar, termostatlar, dronların istehsalında istifadə oluna biləcək mühərriklər, dəzgahlar və avadanlıq hissələri Rusiyaya ixracı qadağan olunmuş məhsulların siyahısına daxil edilib.

İttifaq həmçinin Rusiya neftinə qoyulan qiymət həddinin tətbiq edilməsi ilə bağlı tədbirləri gücləndirəcəyini bildirib.

Bundan başqa, Aİ Rusiyaya əhəmiyyətli qazanc gətirən bəzi malların - çuqun, mis və alüminium məftillər, folqa və boruların idxalına əlavə məhdudiyyətlər tətbiq ediləcəyini, sıxılmış propan qazı idxalının 12 aylıq keçid müddəti ilə qadağan olunacağını açıqlayıb.

Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqının 12-ci sanksiya paketini qəbul etməsini alqışlayıb.

“Təcavüzkar dövlət hiss etməlidir ki, azad dünyanın təzyiqi, eləcə də təcavüzün xərcləri artır. Mövcud sanksiya rejimlərinin effektiv şəkildə icra edilməsini təmin etmək də vacibdir. Nə təcavüzkar, nə də ona sanksiyalardan yayınmaqda kömək olan hər hansı cinayətkar məhdudiyyətlərdən yan keçə bilməməlidir”, Zelenski X səhifəsində yazıb.

Rusiyanın Ukraynada müharibəyə başlamasından bəri Avropa İttifaqı ümumilikdə rusiyalı 1950 fiziki şəxsə və quruma qarşı sanksiya tətbiq edib. Sanksiya edilənlərin aktivləri dondurulur, onlara vəsait və ya iqtisadi resursların verilməsi, habelə, onların Avropa İttifaqına girişi qadağan edilir.

Rusiya Xarici İşlər Nazirliyi dekabrın 19-u yaydığı bəyanatda Avropa İttifaqının Rusiyaya təzyiq etmək üçün “faydasız cəhdlər”ini davam etdirdiyini bildirib və sanksiyalara cavab olaraq bir sıra Aİ institutlarının, Aİ-yə üzv ölkələrin nümayəndələrinə qarşı sansksiyalar tətbiq edəcəyini, onların Rusiyaya girişinin qadağan ediləcəyini açıqlayıb.

Forum

XS
SM
MD
LG