Rusiya prezidenti Vladimir Putin deyib ki, onun ölkəsi Ukraynadakı hədəflərinə çatanadək sülh olmayacaq və həmin hədəflər dəyişməz qalır.
Müharibənin başlanmasının ikinci ildönümünə iki ay qalmış bir neçə saat çəkən ilsonu mətbuat konfrasında Putin Ukraynada “denasifikasiya, demilitarizasiya və neytral status” təmin etmək amacında olduğunu yenidən bəyan edib.
Putin deyir ki, Ukrayna hökumətində radikal millətçilərin və neo-nasist qruplarına təsirləri var. Kyiv və onun Qərb tərəfdaşları bu iddiaları qətiyyətlə rədd edərək Kremlin bu arqumentdən təcavüz üçün bəhanə kimi istifadə etdiyini bildirib.
“Biz hədəflərimizə çatanda sülh olacaq,” deyə Putin Kremlin müharibə ilə bağlı tutduğu siyasi xətti müdafiə edib. “Qələbə bizim olacaq.”
O, ötən günlərədə Rusiya qoşunlarının bütün cəbhə xətti boyu irəlilədiyini və Ukraynanın əks-hücum əməliyyatlarının iflasa uğradığını iddia edib.
Eyni vaxtda Brüsseldə müxbirlərlə danışan NATO Baş Katibi Yens Stoltenberq deyib ki, Rusiya lideri sülhə hazır olduğuna dair heç bir əlamət sərgiləmir.
Stoltenberq bildirib ki, Ukraynada ədalətli və dayanıqlı sülhün əldə edilməsinin yeganə yolu Putini Ukrayanada döyüş meydanında qələbə çala bilməyəcəyinə inandırmaqdır, və bunun üçün Qərb müttəfiqləri Ukraynaya yardım göstərməlidir.
“Əgər Putin Ukraynada qalib gəlsə, onda real risk var ki, onun təcavüzü orada dayanmayacaq.”
NATO rəhbəri ABŞ prezidenti Co Baydenin Ukrayna qarşısındakı öhdəliyə sadiq qalmasını alqışlayıb və administrasiyanı Ukrayna üçün həyati əhəmiyyət kəsb edən yardımı davam etdirməyə çağırıb.
Bayden Ukraynaya əlavə $61 milyard dollarlıq yardım paketi ayrılmasını istəyir, lakin Konqresdəki Respublikaçılar bunun əleyhinə çıxır.
Forum