Accessibility links

Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarına start veriləcək


Avropa İttifaqı liderləri blokun 27 üzv dövlətinin iki günlük sammiti zamanı gözlənilmədən Ukrayna və Moldova ilə üzvlük danışıqlarını açmağa razılaşıb.

Avropa Şurasının prezidenti Çarlz Mişel qərarı yüksək qiymətləndirərək, bunu "öz xalqları və qitəmiz üçün açıq ümid siqnalı" adlandırıb.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, bu, “Ukraynanın və bütün Avropanın qələbəsidir”.

Bu qərar Macarıstanın Baş naziri Viktor Orbanın həftələrlə Ukrayna ilə bağlı danışıqlarda irəliləyişin qarşısını alacağını vəd etməsinə baxmayaraq qəbul edilib. Orban “pis qərarda” iştirak etmək istəmədiyini söyləyərək səsvermədə bitərəf qalıb.

O, Ukrayna və Moldova ilə üzvlük danışıqlarını təsdiq etməyən yeganə liderdir. Orban Ukrayna ilə əlavə danışıqlara yol verməməsini Ukraynanın üç şərti dəqiqləşdirmədən yerinə yetirməməsi ilə əsaslandırıb.

“Deməli, indi Ukraynanın üzvlüklə bağlı danışıqlara ehtiyac yoxdur”- deyə o bildirib.

Bu, ilin sonuncu Aİ sammiti olacaq, növbəti sammit isə mart ayında keçiriləcək. Aİ liderləri bildiriblər ki, ilin sonuna qədər Ukraynanın lehinə səs verməmək Rusiya prezidenti Vladimir Putinin qələbəsi kimi qiymətləndirilə bilər.

Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal edib.

Mişelin sözlərinə görə, Aİ Gürcüstanın namizədlik statusunu da təsdiqləyib və Bosniya-Herseqovina meyarlara “lazımi uyğunluq dərəcəsinə” cavab verdikdən sonra onun təklifi ilə irəliləyəcəyini bildirib.

Forum

XS
SM
MD
LG