Accessibility links

Ərdəbil Qeydiyyat İdarəsi Dolunay adına şəxsiyyət vəsiqəsi verib


İran şəxsiyyət vəsiqəsi
İran şəxsiyyət vəsiqəsi

Ərdəbilin qeydiyyat idarəsi türk adı olan Dolunay üçün şəxsiyyət vəsiqəsi verilməsinə razılıq verib. Bu barədə Abbas Lisani Telegram kanalı Səid Sadıqifərin İnstagram səhifəsinə istinadən məlumat yayıb.

Dolunayın atası Səid Sadıqifər İnstagram səhifəsində bildirib ki, Ərdəbil vilayətinin Qeydiyyat İdarəsi dekabrın 14-də nəhayət, onların övladı üçün şəxsiyyət vəsiqəsi verməyə qərar verib. Dolunay adı ilə şəxsiyyət vəsiqəsinin buraxılışı 16 gün müddətində həyata keçirilib.

Ərdəbil sakini Səid Sadıqifər milli fəallardan olub, daha öncə də göstərdiyi dinc fəaliyyətlərə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək müxtəlif təziqlərə məruz qalıb.

Səid Sadıqifər həyat yoldaşı ilə birlikdə qeydiyyat şöbəsinə etiraz olaraq ərizə göndərərək övladlarının şəxsiyyət vəsiqəsində Dolunay kimi qeyd olunmasını israrla tələb edib. Ailənin israrçı olması qeydiyyat idarəsinin müsbət qərarına səbəb olub.

İranın müxtəlif viayətlərində azərbaycanlı ailələrin övladlarına türk adları qoymağa marağı son illərdə artıb. İranın müxtəlif bölgələrində, xüsusilə türklərin sıx yaşadığı şəhərlərdə uşaqlara türk adlarının verilməsi tendensiyası nəzərə çarpır.

Bəzi rəsmilərin verdiyi açıqlamalar göstərir ki, türk adları körpələrə verilən populyar adlar siyahısında yer alır. Ad seçimindəki bu artım ailələrin öz mədəni irsinə daha çox önəm vermək və türk kimliyini qoruyub saxlamaq istəyi ilə əlaqələndirilə bilər. Buna baxmayaraq, İranın Qeydiyyat İdarəsinin siyasəti nəticəsində uşaqlarına türk adları seçən ailələr aylar və hətta illərlə şəxsiyyət vəsiqəsi ala bilmirlər.

Bu hadisə İranda bəzi valideynlərin övladlarına türk adları seçərkən müxtəlif problemlərlə üzləşdiyini göstərir.

Bəzi müşahidəçilər ailələrin türk adlarla övladlarına şəxsiyyət vəsiqəsi almaqda israrçı olmalarını ölkədəki milli azlıqların, xüsusilə də azərbaycanlıların mədəni və dil hüquqları uğrunda mübarizəsi çərçivəsində mədəni itaətsizlik kampaniyası kimi qiymətləndirir.

Forum

XS
SM
MD
LG