Accessibility links

Forbidden Stories Abzas Media jurnalistlərinin korrupsiya araşdırmalarını “qaldığı yerdən davam etdirəcək”


Abzas Media saytının direktoru Ülvi Həsənli AŞPA-da Azərbaycanda jurnalistlərə qarşı təhdidlərlə bağlı dinləmələrdə
Abzas Media saytının direktoru Ülvi Həsənli AŞPA-da Azərbaycanda jurnalistlərə qarşı təhdidlərlə bağlı dinləmələrdə

“Forbidden Stories” beynəlxalq araşdırmaçı jurnalistlər şəbəkəsi Abzas Medianın korrupsiya araşdırmalarını qaldığı yerdən davam etdirəcəyini açıqlayıb.

Azərbaycanın hökumət rəsmiləri ilə bağlı korrupsiya araşdırmaları ilə tanınan Abzas Media xəbər saytının icraçı direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və saytın əməkdaşı Məhəmməd Kekalov bu həftə “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib, media orqanının ofisinə polis reydi həyata keçirilib.

“Forbidden Stories” və tərəfdaşları jurnalistlərin “əsassız və özbaşına həbsini” pisləyib, onlara qarşı irəli sürülən ittihamların Azərbaycan hakimiyyətinin ölkədə qalan son müstəqil səsləri susdurmağa yönələn növbəti addımı olduğunu vurğulayıb.

“Onların araşdırmalarının ümumi maraq və məlumat əldə etmək naminə geniş miqyasda davam etdirilməsi və dərc edilməsi əsasdır. Onlar xəbər daşıyanları dayandırsalar da, xəbəri dayandıra bilməyəcəklər”, “Forbidden Stories” direktoru Loran Rişar deyib.

Almaniyalı tanınmış araşdırmaçı jurnalistlər, “Panama sənədləri” araşdırmasının müəliffləri Bastian Obermayer və Frederik Obermaier Abzas Media jurnalistlərinin həbsini qəti şəkildə pisləyiblər.

“Azərbaycan hakimiyyəti bir şeyi başa düşməlidir, onlar jurnalistləri həbs etməklə araşdırmaları dayandıra bilməzlər. Əksinə, dünyanın hər yerindən olan jurnalistlər həqiqət qalib gələnə və bütün yanlışlıqlar ifşa olunana qədər onların işlərini davam etdirəcəklər”, Pulitzer mükafatlı jurnalistlər qeyd ediblər.

49 ölkədən 60-dan çox media orqanı, 150-dən artıq jurnalistin yer aldığı “Forbidden Stories” şəbəkəsi öldürülən, həbs edilən və təhdidlərlə üzləşən jurnalistlərin işlərini davam etdirir və “Pegasus project”, “Daphne project” kimi araşdırmaların müəllifidir.

2021-ci ilin iyulunda yayımlanan “Pegasus” araşdırması Azərbaycanda jurnalistlərin, o cümlədən Sevinc Vaqifqızı və Ülvi Həsənlinin Pegasus casus proqramı vasitəsilə izlənildiyini ortaya çıxarmışdı.

Araşdırmanın müəlliflərindən Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda növbəti dəfə polis və məhkəmə aparatından korrupsiyanı ifşa edən jurnalistlərin susdurulması üçün istifadə edildiyini bildirib.

“Biz jurnalistlərin həqiqət axtarışında onlara dəstək verəcəyik və Azərbaycanda hakimiyyətin ən yüksək eşelonlarında baş verən qanunsuzluqları bir daha ifşa etmək üçün gücümüzü birləşdirəcəyik”, OCCRP baş redaktoru Miranda Patruçiç qeyd edib.

Ülvi Həsənli və Sevinc Vaqifqızı
Ülvi Həsənli və Sevinc Vaqifqızı

“Freedom Now” Abzas Media jurnalistlərinin həbsini növbəti siyasi motivli həbs hesab edir

Vaşinqtonda yerləşən “Freedom Now” insan hüquqları təşkilatı Abzas Medianın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və saytın əməkdaşı Məhəmməd Kekalovun həbsini pisləyib.

“Çox güman ki, həbslər Abzas Medianın hökumətdəki korrupsiyaya dair araşdırma jurnalistikası ilə bağlıdır. Hökumət əvvəllər də Abzas Medianın işinə müdaxilə etməyə çalışıb. İfadə azadlığının konstitusiya ilə qorunmasına baxmayaraq, Azərbaycanda son dərəcədə məhdudlaşdırılan media mühiti müstəqil jurnalistləri və blogerləri özünüsenzura etməyə məcbur edir, əks halda hökumətin repressiyasına məruz qalırlar”, təşkilatın bəyanatında qeyd edilir.

“Freedom Now” əlavə edib ki, Azərbaycanda hakim elita televiziya, radio və qəzetlər kimi ənənəvi media orqanlarına tam nəzarət edir, 2021-ci ilin dekabrında qəbul edilən “Media haqqında” yeni qanun isə hakimiyyətə müstəqil media orqanlarını və jurnalistləri kiçik əsaslarla sərt şəkildə cəzalandırmağa imkan yaratdır.

Bu ilin iyulunda hökumətin korrupsiyasını və enerji siyasətini tənqid edən iqtisadçı və müxalif siyasətçi Qubad İbadoğlunun “saxta ittihamlarla” həbs edilməsini, fəal Bəxtiyar Hacıyevin 2022-ci ilin dekabrından bəri “qondarma xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları” həbsdə saxlanılmasını xatırladan “Freedom Now” təşkilatı, Abzas Media jurnalistlərinin həbsini Azərbaycanda son dönəmlərdəki siyasi motivli həbslərin növbəti nümunəsi olduğunu vurğulayıb.

Məhəmməd Kekalov
Məhəmməd Kekalov

IPHR Azərbaycan hakimiyyətini tənqidi mediaya qarşı təqibi dayandırmağa çağırır

Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin haqlarında “qaçaqmalçılıq” ittihamı ilə müvafiq olaraq 4 ay, 3 ay 29 gün və 3 ay 27 gün həbs qətimkan tədbiri seçdiyi Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalovun azad edilməsi barədə beynəlxalq çağırışlar davam edir.

Brüsseldə yerləşən İnsan Hüquqları naminə Beynəlxalq Tərəfdaşlıq (International Partnership for Human Rights - IPHR) təşkilatı hesab edir ki, jurnalistlər müstəqil və araşdırma xarakterli xəbərlərinə, xüsusən də korrupsiya araşdırmalarına görə hədəfə alınıb.

“Biz Azərbaycan hakimiyyətini tənqidi mətbuatı susdurmaq üçün cinayət təqibindən istifadəni dayandırmağa, müstəqil media orqanlarına təzyiq olmadan fəaliyyət göstərməsinə imkan verməyə, ifadə və media azadlığına hörmətlə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq”, bəyanatda qeyd edilir.

IPHR həmçinin Azərbaycan hakimiyyətini jurnalistləri dərhal azad etməyə, Həsənlinin və Kekalovun saxlanılarkən pis rəftara məruz qalması ilə bağlı iddiaları operativ və hərtərəfli şəkildə araşdırmağa, pozuntulara görə məsuliyyət daşıyan şəxslərin məsuliyyətə cəlb edilməsinə çağırıb.

Forum

XS
SM
MD
LG