Accessibility links

Məmməd Talıblı: Bank sektorunda üç bankın bazar payı sürətlə artır


Məmməd Talıblı
Məmməd Talıblı

İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda bank sektorunda durum, bank xidmətləri və kredit siysətindən danışıb.

Amerikanın Səsi: Bu günlərdə Azərbaycanda daha bir bank, - MuğanBank bağlandı. Kiçik bankların bağlanması bu sektorda monopoliyanın daha da dərinləşməsinə yol açmırmı?

Məmməd Talıblı: MuğanBankın və ya hansısa bankların bağlanmasında təbii ki, mənfi meyllər var. Amma, ümumilikdə MuğanBank bağlanmadan da biz deyə bilərdik ki, bank sektorunda mənfiyə doğru dəyişmələr var. Onun da əsas səbəbi odur ki, Mərkəzi Bank özünün monetar siyasətindən effektiv olaraq istifadə etmir və nəticədə belə bir reallıq yaranıb.

Amerikanın Səsi: Bank sektorunda mövcud monopoliyanı aradan qaldırmaq üçün Mərkəzi Bank funksiyalarından yetərincə istifadə edə bilirmi?

Məmməd Talıblı: Mərkəzi Bankın ümumiyyətlə bank-kredit sektorunu tənzimləməsi ilə bağlı çox sayda monetar alətləri var. Bu alətlərdən məhz istifadə etməməsi hesabına, qeyri-effektiv istifadənin hesabınadır ki, bank sektorunda 3 bankın bazar payı sürətlə artır. Onda istər monopoliya, istər oqlopoliya (dominant şirkətlərin fəaliyyəti-red) meylləri güclənir. Nəticədə 3 bankın bazar payı sürətlə artır. Əgər bank sektorunda 285 milyon manat mənfəət varsa, onun 160 milyon manatı 3 bank tərəfindən əldə olunursa, bu bank sektorunu Mərkəzi Bankın qeyri-effektiv idarə etməsi, eyni zamanda monetar alətlərdən qeyri-effektiv istifadəsinin nəticəsi kimi qiymətləndirilə bilər.

Məmməd Talıblı: Bank sektorunda üç bankın bazar payı sürətlə artır
please wait

No media source currently available

0:00 0:06:06 0:00

Amerikanın Səsi: Həmin 3 bank hansılardır və onların sahibləri kimlərdir?

Məmməd Talıblı: Paşa Bank, Beynəlxalq Bank, bir də Kapital Bankdan söhbət gedir.

Amerikanın Səsi: Bəs bu bankların sahibləri kimlərdir?

Məmməd Talıblı: Təbii ki, orada Paşa Holdinqin, Paşa Bankın səhmlərinin çoxluğu birmənalıdır. Ona görə də daha çox Paşa Holdinqin bank sektorundakı fəaliyyəti ilə əlaqələndirmək olar.

Amerikanın Səsi: Bəs bank sektorunda monopoliyadan irəli gələn tarif siyasətini Mərkəzi Bank necə tənzimləyə bilər?

Məmməd Talıblı: Təbii ki, tənzimləmə baxımından burada Mərkəzi Bankın bir çox monetar alətləri var ki, onlardan istifadə etmək hesabına bank sektorunda həm elektron bankçılığın inkişaf etdirilməsi, həm banklarda sağlam rəqabətin təşviqi nöqteyi nəzərindən bir çox işlər görə bilər. Onlardan biri, məsələn, xarici mənşəli bankların ölkəyə buraxılması üçün bank sektorunda rəqabəti təşviq edə biləcək dərəcədə məhdudiyyətlərin aradan qaldırılması ola bilər. Amma, Azərbaycanda reallıq bundan ibarətdir ki, bank sektorunda xarici mənşəli bankların daxil olmasında müəyyən məhdudiyyətlər mövcuddur.

Amerikanın Səsi: Bank sektorunda xidmətlərin elektronlaşmasının xidmət haqlarına təsirləri varmı? Xidmət haqları necədir?

Məmməd Talıblı: Əvvəlki illərlə müqayisədə indi bəzi banklarda xidmət haqlarında azalmalar var. Bu da nə ilə bağlıdır? Mobil internet bankçılığın inkişaf etməsi, rəqəmsal iqtisadiyyatın iqtisadiyyata çoxvektorlu təsirləri mövcuddur. Bunlardan da biri bank sektoru ilə bağlıdır. Bank sektorunda bank xidmətlərinin elektronlaşması, internet-mobil bankçılığın inkişaf etdirilməsi və bütün bunların hamısı bankların həm kommersiya xərclərini, həm də tranzaksiya (bank hesabındakı vəsaitlərin köçürülməsi-red ) xərclərini minimumlaşdırır ki, bu da nəticə etibarı ilə bankçılığın inkişafı üçün sərfəli stimullar yaradır. Amma bununla bərabər biz nəzərə almalıyıq ki, bankçılıq yalnız pulun satılması deyil. Eyni zamanda yeni növ, innovativ xidmətlərin təşviqi ilə daha çox inkişaf etməlidir.

Amerikanın Səsi: İqtisadiyyatın lokomotivi adlandırılan bank sektoru biznesin inkişafında ənənəvi rolunu oynaya bilirmi? Kredit portfelinin mövcud strukturu milli iqtisadiyyatın tələblərinə uyğundurmu?

Məmməd Talıblı: Yəqin siz onu nəzərdə tutursunuz ki, ümumiyyətylə bank sektoru vasitəsi ilə biz real iqtisadiyyatın inkişafını təmin edə bilərikmi? Bunun üçün maliyyə tutumluluğu təminatı kifayət edir, etmir? Ümumiyyətlə böyük mənada ynaşsaq bizim 45 milyard manatlıq bank sektorumuz mövcuddur. Bunun 9 milyard manatı hərəkət etməyən, bir nöqtədə duran kapitaldır. Söhbət kommersiya banklarının Mərkəzi Bankda saxlanılan məcburi ehtiyyat normaları, yerli bankların xarici banklardakı müxbir hesabları və bütün bunlar 9 milyard manatdır. Yerdə qalan 36 milyard manatın isə cəmi 20 milyard manatı bank kreditləridir. Üzərinə gələk, bank olmayan kredit təşkilatlarında 1-2 milyard manat da bizim imkanlarımız var. Beləliklə bizim 21-22 milyard manatlıq bank kreditlərimiz mövcuddur. Bunun 11 milyard manatı biznes kreditləridir. 3,2 milyard manatı ipoteka kreditləridir. Yerdə qalan 6 milyard manatı istehlak kreditləridir. Burada biz 11 və 3,2 milyard ipoteka kreditinin də biznesi birbaşa və dolayısı ilə qidalandırmasını nəzərə alanda görürük ki, 15 milyard manatla biz real iqtisadiyyatı inkişaf etdirmək istəyirik. Bu da təbii ki, real deyil. Ona görə də biz iqtisadiyyatın inkişafı nöqteyi nəzərindən bank resurslarının səfərbər olunmasını deyil, bank sektorundan kənar maliyyələşmə mənbələrinin inkişafını stimullaşdırmalıyıq. Xüsusilə də xarici investisyaların ölkə iqtisadiyyatına axını təmin olunmalıdır ki, həm işğaldan azad olunmuş bölgələrdə iqtisadi fəallığın artırılması, iqtisadi hərarətlənmənin yüksəlməsi təmin olunsun. Eyni zamanda bununla bağlı dövlət büdcəsi hesabına, kapital qoyuluşu xərcləri hesabına bu problemləri həll etmək olmaz. Deməli bank resursları kifayət deyil, dövlət büdcəsi, büdcədən kənar fondlar hesabına bu fəaliyyəti maliyyələşdirmək, ümumiyyətlə biznesin güclənməsi real görünmür. Ona görə də xarici investisiyaların təşviq olunması önəmlidir. Bunun üçün də əlverişli investisiya mühitinin yaradılması vacibdir və bununla bağlı iqtisadiyyat da xarici mənbələrin hesabına daha çox inkişaf edə bilər.

Qeyd: Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatında deyilir ki, 2023-cü ilin birinci yarısında mürəkkəb fəaliyyət mühitində Mərkəzi Bank öz mandatına uyğun olaraq makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına yönəldilmiş siyasət həyata keçirmişdir. Hesabat dövründə maliyyə sistemi kənar şoklara qarşı dayanıqlığını qorumuş, sektorun maliyyə sabitliyi gücləndirilmişdir.

Mərkəzi Bank tərəfindən həyata keçirilən makro və mikroprudensial siyasət bank sektorunun maliyyə dayanıqlığının artmasını şərtləndirmişdir.

Belə ki, dövr ərzində bank sektorunun kapitallaşması tədbirləri, dayanıqlığını itirmiş bir bankın sektordan kənarlaşdırılması, həssaslıq zonalarını formalaşdıran risklər üzrə prudensial tələblərin gülcəndirilməsi, sektor ilə intensiv dialoqun aparılması və korporativ idarəetmənin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüslər, habelə pul siyasəti qərarlarının ötürücülüyünün artırılması istiqamətində islahatlar maliyyə sabitliyinə müsbət təsir edən amillər olmuşdur. İlin birinci yarısı ərzində bank sektorunda kredit portfelinin bütün seqmentləri üzrə artım müşahidə edilmişdir.

Kredit portfelinin yüksək dinamikası fonunda makroprudensial tənzimləmə çərçivəsinə edilən dəyişikliklər və kredit təşkilatlarının riskləri effektiv idarə etməsi sektorun kredit risklərinin sabit qalmasını dəstəkləmişdir.

Forum

XS
SM
MD
LG