Accessibility links

Zəncanda bir qız məktəbinin 67 şagirdi zəhərlənib


Oktyabrın 29-da Zəncan şəhərindəki Kövsər adlı bir qız liseyində 67 tələbə zəhərlənmə səbəbilə xəstəxanaya yerləşdirilib.

Onlardan 62 nəfər evə buraxılıb, 5 nəfər isə yaxın zamanda evə buraxılacaq. Bu məlumatı Zəncan Tibb Elmləri Universitetinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Həsən Esmxani İSNA xəbər agentliyinə açıqlayıb.

O, qızların sağlamlığının qəfil pisləşməsi səbəbini "zəhərlənmə və ya narahatlıq" olaraq qeyd edərək, Zəncanın 4 xəstəxanasına yerləşdirilən tələbələrin ümumi vəziyyətinın yaxşı olduğunu bildirib.

Zəncan Tibb Universitetinin səlahiyyətlisi bu zəhərlənmənin səbəbinin araşdırıldığını bildirib. O, şagirdlərdə əsas probleminin bu hadisənin "yaratdığı psixoloji yük və narahatlıq" olduğunu deyib.

Görünən odur ki, İran məktəblərində təhsil alan qızların kütləvi zəhərlənməsi təhsil ilinin başlaması ilə yenidən baş verir.

Zəhərlənmə əlamətləri tənəffüs problemləri, başgicəllənmə, baş ağrısı və yorğunluqdur.

Hücumların zəhərli qazlarla həyata keçirildiyi güman edilir. Lakin İran hakimiyyəti bu məsələ ilə bağlı ictimaiyyətə hər hansı detallı açıqlama vermir.

Bu hücumlar İranın müxtəlif bölgələrində qız tələbələrin təhsil aldığı məktəbləri hədəf alan və koordinasiyalı olduğu təəssüratı yaradan qaz hücumları kimi qiymətləndirilir.

Amnesty International təşkilatı İranda qız məktəblərinə qarşı kimyəvi qaz hücumları ilə bağlı yayımladığl son bəyanatda milyonlarla məktəbli qızın təhsil, sağlamlıq və həyat hüquqlarını təhlükə altına saldığını bildirib.

Bu insan hüquqları üzrə fəaliyyət göstərən beynəlxalq təşkilat İran hakimiyyətini hücumları araşdırmamaq və qarşısını almamaqda ittiham edir.

Təşkilat yayımladığı bəyanatda İran rəsmiləri tərəfindən məktəbli qızlarda sağlamlıqlarının qəfildən pisləşməsinin səbəbi kimi göstərilən "stres", "həyəcan" və ya "ruhi yoluxma" kimi qiymətləndirmələrini rədd edir.

Forum

XS
SM
MD
LG