İran Azərbaycanının Qoşaçay (Miyandab) şəhərində bir qrup milli fəal bu şəhərin küçələrində plakatlar asaraq, təhlükəsizlik qüvvələrinin təcridxanalarında saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
Sosial mediada paylaşılan görüntülərə əsasən, Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərindən olan bir qrup fəal həbs edilmiş 11 fəalın adları və şəkillərinin yer aldığı plakatları həmin şəhərin müxtəlif küçələrində quraşdıraraq, hakimiyyəti məhkəmə proseslərində özbaşına davranışlarına son qoymağa çağırıblar.
Şəhərdə dağıdılan plakatlarda güneyli milli fəalların girov götürülməsinin dayandırılması və məhbus fəalların qeyd-şərtsiz azad edilməsi vurğulanıb.
Qoşaçay şəhərinin küçələrində quraşdırılan plakatlarda Davud Şiri, Peyman İbrahimi, Hüseyn Azadi, Əli Babayi, Murtuza Nurməhəmmədi, Mehrdad Qadiri, Mirhüseyn Aqayi, Məhəmmədrza Müvəhhid, Araz İbrahimi, Cavad Sudbər və İbrahim Əvəzzadə kimi həbs edilmiş fəalların şəkilləri yer alıb.
Bu milli fəallar bir aydan artıqdır ki, İslam Respublikası təhlükəsizlik qüvvələrinin təcridxanalarında sorğu-sual edilməkdədir və onlara vəkilə çatım hüququ, ailələri və yaxınları ilə əlaqə və görüş imkanı verilmir.
Həmin fəalların nəzarət müddəti həftələr öncə saxlanıldıqdan bəri bir neçə dəfə uzadılıb.
Amerikanın Səsinə həbsdə olan milli fəallar barəsində danışan siyasi fəal Mahmud Bilgin hesab edir ki, kəşfiyyat qurumunun əlində fəallara qarşı irəli sürülən ittihamlarla əlaqədar heç bir fakt olmadığı üçün onlardan saxta etiraf almaq məqsədilə nəzarət müddətini uzadırlar.
Sentyabrın 13-də Araz İbrahimnejad, Davud Şiri, Əli Babayi, Cavad Sudbər, Əmir Hüseyn Aqayi, Mehrdad Qadiri və Seyid Məhəmmədrza Müvəhhid təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Forum