Yayımlanan xəbərlərdə İran Azərbaycanında bir məhbusun Marağa həbsxanasında, digər iki məhbusun isə Qəzvin vilayətində edam edildiyi bildirilir.
İran İnsan Haqları Təşkilatının (İHR) yayımladığı xəbərə görə, avqustun 16-da Marağa həbsxanasında bir məhbus qətl ittihamı ilə asılıb. Əlil və bir uşağı olan bu məhbusun Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərindən olduğu bildirilir.
İnsan haqları qurumlarının dərc etdiyi xəbərlərdə onun adının Hüseyn Cavadi olduğu bildirilir. Yayımlanan məlumata görə, Şəbistər həbsxanasında saxlanılan bu məhkum edam hökmünün icrası üçün Marağa həbsxanasına köçürülmüşdü.
Həmçinin eyni mənbə avqustun 21-də Qəzvin vilayətinin Çubindər Həbsxanasında narkotik ittihamı ilə iki məhbusun edam edilməsi barədə məlumat verib.
Qəzvində edam edilən məhkumların adlarının Cəmil Abdullahzadə və Mehran Əmiri olduğu bildirilib.
İranın rəsmi mediası bu edamlarla bağlı heç bir xəbər dərc etməyib. İran mediası və ya ədliyyə rəsmiləri ölkədə icra olunan edam hökmləri ilə bağlı adekvat şəkildə məlumat vermir.
İran hökuməti ölüm cəzasını çəkindirici və qabaqlayıcı cəza kimi tətbiq etdiyini iddia edir.
İnsan haqları təşkilatının açıqladığı statistikaya görə, 2023-cü ilin əvvəlindən İranda 478 nəfər edam edilib.
Forum