Bakıda orta aylıq əmək haqqı 10%-dən çox artıb.
Bakı şəhər Statistika İdarəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1177,3 manat olub.
Statistik məlumata görə, orta aylıq nominal əmək haqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,5 % çoxdur.
Belə ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı il ərzində 11,5 % artaraq bu ilin birinci yarısında 921,9 manat təşkil edib.
İqtisadçı Fərid Mehralızadə Amerikanın Səsinə bildirib ki, faiz olaraq orta aylıq əmək haqqındakı artım qiymət artımlarına yaxın olduğuna görə bu özünü hiss etdirmir.
İqtisadçı bunu Azərbaycanda son illərdə inflyasiyanın, xüsusilə qida məhsullarının inflyasiyasının 20 faizi keçməsi ilə əlaqələndirib.
“Amma nəzərə almaq lazımdır ki, artan əmək haqqının özü onsuz da əvvəl normal həddə deyildi deyə indi faiz olaraq artsa belə, özü çox olmadığı üçün istənilən halda problem yaşadır” , ekspert deyib.
Minimum əmək haqqının məbləğinə gəlincə Fərid Mehralızadə bildirib ki, Azərbaycan 2000-ci illərin əvvəllərində Avropa Sosial Xartiyasına qoşulanda götürdüyü öhdəliklərdən biri də minimum əmək haqqının orta aylıq əmək haqqının 60 faizinə bərabər olması ilə bağlı idi.
“Azərbaycan öhdəliyinə əməl etsəydi, orta aylıq əmək haqqı təxminən 550-600 manat ətrafında olmalı idi. İndi 345 manatdır. Az qala həmin həddən iki dəfəyə yaxın aşağıdır”, o deyib.
Ekspert qeyd edib ki, bu baxımdan minimum əmək haqqının səviyyəsi heç bir halda insanların öz minimum ehtiyaclarını ödəməsinə imkan vermir.
“Digər tərəfdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir müddət əvvəl açıqlayıb ki, Azərbaycanda median əmək haqqı cəmi 459 manatdır. Median əməkhaqqı nə deməkdir? O deməkdir ki, ölkədə maaşla işləyən 1 milyon 700 min insan var. Bu rəqəmlərdən yarısı 459 manatdan az maaş alır”, Mehralızadə əlavə edib.
Onun sözlərinə görə, ölkədə maaşların real vəziyyətini görmək üçün orta aylıq əmək haqqına yox, median əmək haqqına baxılmalıdır.
“Bu da o deməkdir ki, ölkə əhalisinin təxminən 40 faizi minimum əmək haqqı alır. Minimum əmək haqqı artsa belə çox az olduğu üçün heç bir halda insanlara öz minimum tələblərini qarşılamağa kömək etmir. Ona görə də mən düşünürəm ki, inflyasiyanın təsirləri xüsusilə aztəminatlı əhali arasında daha çox hiss olunur və maaş artımları aztəminatlı əhalinin artan xərclərini kompensasiya edəcək qədər deyil”, o qeyd edib.
Forum