Accessibility links

Avropa Şurasının irqçiliklə mübarizə orqanı Azərbaycanı nifrət nitqinin qarşısını almağa və qanunvericiliyi təkmilləşdirməyə çağırır


Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI-European Commission against Racism and Intolerance) Azərbaycanla bağlı son hesabatında hökuməti nifrət nitqinin və ayrı-seçkiliyin qarşısını almağa və bu sahədə qanunvericiliyi təkmilləşdirməyə çağırıb.

ECRI iyunun 21-i dərc etdiyi hesabatında Azərbaycanın insan hüquqları mövzularını kurikuluma salmasını, habelə miqrantların inteqrasiyası sahələrində əldə etdiyi müsbət irəliləyişləri alqışlasa da, bu sahədə əlavə tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Hesabatda nifrət nitqinin yayılması, o cümlədən Ermənistana qarşı davamlı düşmənçilik dilinin, ictimai bəyanatlarda və media platformalarında qızışdırıcı ritorikanın yayılması ilə bağlı ciddi narahatlıq ifadə edilib. ECRI həmçinin LGBTI icmasına qarşı nifrət motivli zorakılığa səbəb olan bəyanatlardan narahatlıq ifadə edib.

Komissiya Azərbaycan hakimiyyətini cinsi oriyentasiya, gender kimliyi və cinsi xüsusiyyətləri də əhatə edən ayrı-seçkiliyə qarşı hərtərəfli qanunvericilik qəbul etməyə çağırıb. Avropa Şurası Parlament Assambleyası da ötən ilin yanvarında qəbul etdiyi qətnaməsində Azərbaycanı hərtərəfli anti-diskriminasiya qanunu qəbul etməyə çağırıb. Sözügedən qətnamə layihəsi və hesabatın müəllifi, hazırda AŞPA-nın LGBTI şəxslərin hüquqları üzrə baş məruzəçisi Kristof Lakrua Azərbaycanda bu sahədə heç bir müsbət addımın atılmadığını deyib.

Kristof Lakrua, AŞPA-nın LGBTI şəxslərin hüquqları üzrə baş məruzəçisi
Kristof Lakrua, AŞPA-nın LGBTI şəxslərin hüquqları üzrə baş məruzəçisi

“Təəssüf ki, hansısa ciddi, müsbət dəyişikliyin olduğunu görmürük. Əksinə, biz həm də jurnalist olan LGBTI fəalının qəddarlıqla öldürüldüyünü, cinsiyyət orqanın kəsildiyini gördük. Cinayəti törədən şəxs səhv etmirəmsə 9.5 il həbsə məhkum edildi. Ancaq nifrət motivi, onun LGBTI fərdi olduğu üçün öldürülməsi məhkəmə tərəfindən nəzərə alınmadı. Bu, təəssüfləndiricidir. Çünki mən hesabatımda bunun ağırlaşdırıcı hal kimi nəzərə alınmasını tövsiyə etmişdim”, belçikalı deputat qeyd edib.

Kristof Lakrua həmçinin Azərbaycan hakimiyyəti ilə bu məsələdə dialoq qurmağın mümkün olmamasından məyusluğunu ifadə edib.

“Mən o vaxt hesabatı hazırlayarkən Gürcüstan və Ermənistan hakimiyyəti ilə təmas qura bildim. Ancaq Azərbaycan hökuməti, nə də AŞPA-dakı nümayəndə heyəti məni qəbul etmək istəmədi. Mən müzakirə aparmaq üçün Azərbaycana gedə bilmədim. Onlar dialoqdan qaçırlar. Onlar elə davranırlar ki, guya Azərbaycanda LGBTI yoxdur və bu, Qərbin uydurmasıdır. Ancaq bu qətiyyən belə deyil və əgər biz dialoqa başlaya bilsək, mərhələ-mərhələ məsələnin həllinə çalışa bilərik”, AŞPA məruzəçisi əlavə edib.

Nifrət nitqi ilə effektiv mübarizə aparmaq üçün ECRI Azərbaycan hakimiyyətini hərtərəfli strategiya hazırlamağa, institutlararası işçi qrupunu yaratmağa çağırıb. Bundan əlavə, hesabatda nifrət cinayətləri ilə bağlı məlumatların toplanmaması və nifrət nitqinə toxunan məhdud hüquqi baza qeyd olunub. ECRI səlahiyyətli qurumları hərtərəfli məlumat toplama sistemi tətbiq etməyə və məlumatları ictimaiyyətə bölüşməyə çağırıb.

Sənəddə 2016-cı ildə tərtib olunmuş hesabatdan ötən müddət ərzində Azərbaycanda müvafiq sahələrdə müsbət irəlilləyişlərin olması da vurğulanıb. Hesabatda inklüziv təhsil sahəsində insan hüquqları mövzularının 2020-ci ildən etibarən kurikuluma daxil edildiyi, internet məkanında irqçi nifrət nitqinin qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişikliklər olunduğu qeyd olunub.

Rəsmi orqanlar tərəfindən miqrantların hüquqi statusu ilə bağlı aparılan işlər sayəsində 2021-ci ildə qeyri-leqal statusa malik şəxslərin sayında 10% azalma müşahidə olunduğu, miqrantların dövlət xidmətlərinə çıxışının asanlaşdırıldığı, miqrantlara iş və yaşayış icazələrinin verilməsinin sürətləndirildiyi bildirilib.

XS
SM
MD
LG