Türk dil hüquqları müdafiəçisi Behnam Şeyxi həbsdən çıxdıqdan sonra İranın cənub-qərbində yerləşən Xuzistan vilayətindəki Məscid Süleyman şəhərinə sürgün edilib.
İranda türk dil haqları müdafiəçiləri olan Əkbər Azad, Əlirza Fərşi və Behnam Şeyxi üçün sürgün hökmləri son həftələrdə icra olunub. Həmin fəallara göndərilən məhkəmə bildirişlərində 2 illik sürgün hökmünün icra edilməsi üzrə məhkəməyə müraciət etmələri istənilib.
Mayın əvvəlində Behnam Şeyxi İranın cənubuna sürgün hökmünün icrası üçün Tehran vilayətinin Baharistan şəhərinin Ümumi və İnqilab Məhkəməsinə çağırılıb. Keçən həftə o, iki il Məscid Süleyman şəhərində məcburi yaşamaq üçün Xuzistan viayətinin həmin şəhərinin prokurorluğuna özünü təqdim edib.
Behnam Şeyxi Samanlı, türk dil hüquqları uğrunda fəaliyyətlərindən dolayı habelə 2014-cü ilində Beynəlxalq Ana Dili Gününü qeyd etmək məqsədilə keçirilən bir mərasimdə iştirak etdikləri üçün Həmid Mənafi Nadarlı və Əlirza Fərşi ilə bərabər 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum edilmişdilər.
O, İranda türk dilinin hüquqlarını müdafiə edərək, dinc fəaliyyətlərinə görə, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qruplaşmanın formalaşmasında iştirak etmək” ittihamından suçlanaraq, 10 il həbs və 2 il sürgünə məhkum edilsə də, milli fəala qarşı bu ağır cəza Apellyasiya Məhkəməsində iki il həbsə endirildi, lakin sürgün cəzası qüvvədə saxlanıldı.