Güneyli milli fəal Əlirza Fərşi 2 illik sürgün cəzasını çəkmək üçün Xuzistan vilayətində yerləşən Bağməlik şəhərinə gedib.
Əlirza Fərşi şəxsi Instagram səhifəsində bu haqda məlumat yayıb.
Əlirza Fərşi 21 may tarixində 2 illik sürgün həyatı yaşamaq üçün Xuzistan vilayətinə doğru yola çıxıb. Fərşidən sürgün cəzasının başlanılması ilə əlaqədar lazımi məhkəmə işlərinin görülməsi üçün mayın 22-də Bağməlik məhkəməsinə müraciət etməsi istənilib.
Bu türk dil haqları fəalı fevralın 8-də ona qarşı verilən 4 illik həbs cəzasının 3 il və 3 ayını çəkdikdən sonra Tehranın Evin Həbsxanasından sərbəst buraxılıb.
Milli fəal may ayının 15-də sürgün cəzası ilə əlaqədar məhkəməyə müraciət etdiyində məhkəmə səlahiyyətliləri ondan yaxın günlərdə özünü Bağməlik şəhərinin prokurorluğuna təqdim etməsini istəyiblər.
Fərşi sürgünə getməsi ilə bağlı paylaşdığı yazının bir qismində belə yazıb; “Qaşqay, türkmən, azərbaycanlı, ərəb, bəluç, lur, lək, kürd, gilək, tabar, tat, talış və İranda yaşayan bütün millətlərin müstəmləkəçilik və istibdadla mübarizə meydanında əl-ələ verəcəyi günü gözləyin. Şübhəsiz ki, o gün İranın heç bir yerində sürgün yeri olmayacaq.”
Türk dil haqları fəalı olan və Tehran şəhərində yaşayan Əlirza Fərşi əslən Şərqi Azərbaycan vilayətində olan, Mərənd şəhərinə yaxın Yekan bölgəsindəndir. O, təhsilini Şərif Texnologiya Universitetində kompüter elmləri sahəsində alıb. Əlirza Fərşi indiyə kimi dəfələrlə türk dilinin hüquqları üzrə apardığı dinc fəaliyyətlərinə görə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, işgəncələrə məruz qalıb və məhkəmə tərəfindən uzun müddətli həbs cəzalarına məhkum edilib. Fərşi "İranda hər türk kəndində bir türkcə kitabxana" kampaniyasının təsisçisidir.