Accessibility links

Tehranda türk dil haqları fəalı sürgün cəzası ilə bağlı məhkəmənin icra şöbəsinə çağırılıb


Behnam Şeyxi
Behnam Şeyxi

Tehran vilayətində türk dil haqları fəalı Behnam Şeyxi Samanlının Baharistan şəhərinin Ümumi və İnqilab Prokurorluğunun icra şöbəsinə çağırıldığı bildirilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə istinadən, Şeyxi daha əvvəl məhkum olduğu Xuzistan (Əhvaz) vilayətinin Məscid Süleyman şəhərində ikiillik sürgün cəzası ilə əlaqədar icra şöbəsinə çağırılıb.

"Baharistan şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 2-ci icra şöbəsinin bu yaxınlarda göndərdiyi çağırışa əsasən, Şeyxi Samanlı 10 gün ərzində sürgün hökmünün tətbiqi ilə əlaqədar şöbəyə müraciət etməlidir" , agentlik bildirib.

Behnam Şeyxi evli və Ayhan və Orhan adlı iki əkiz oğlanların atasıdır.

O, dil hüquqları uğrunda fəaliyyətlərindən dolayı Həmid Mənafi Nadarlı və Əlirza Fərşi ilə bərabər 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum edilmişdilər. Şeyxi 2020-ci ilin iyul ayında həbs cəzasını çəkmək üçün Evin həbsxanası göndərilib və 2021-ci ilin avqust ayında şərti azadlıq qərarı ilə sərbəst buraxılıb.

Behnam Şeyxi bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Dünya Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdı.

2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Behnam Şeyxi Samanlı, Həmid Mənafi və Əlirza Fərşiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verdi. Lakin Tehran vilayətinin Apellyasiya Məhkəməsi 2019-cu ilin dekabr ayında fəalların hökmünü 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirdi.

Bu yaxınlarda digər türk dil haqları müdafiəçisi Əlirza Fərşi də sürgün cəzasının icrası ilə bağlı məhkəməyə çağırılıb.

XS
SM
MD
LG