Accessibility links

AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcək


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Yan Liddell-Qreyncer və Liz Kristoffersen 3-7 iyun tarixlərində Azərbaycana səfər edəcəklər.

AŞPA-nın məlumatına görə, həmməruzəçilər Bakıda Prezident Administrasiyası, Xarici İşlər, Daxili İşlər və Ədliyyə Nazirləri, habelə məhkəmə orqanlarının nümayəndələri ilə görüşəcəklər.

Həmməruzəçilər həmçinin parlament nümayəndələri, o cümlədən Milli Məclisin spikeri, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşlər keçirəcək.

Səfər zamanı vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşlərin təşkil olunacağı bildirilir.

Həmməruzəçilər Avropa Şurası qarşısında vəzifə və öhdəliklərinin, AŞPA-nın Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair 2017-ci ildə qəbul etdiyi 2184 saylı qətnaməsindən irəli gələn məsələlərin yerinə yetirilməsini qiymətləndirəcək.

Sözügedən qətnamədə Azərbaycanda məhkəmə orqanlarının müstəqilliyi, söz və mətbuat azadlığı, vətəndaş cəmiyyəti və hüquq müdafiəçilərinə qarşı təzyiqlər, birləşmək və digər siyasi azadlıqlar, Avropa Məhkəməsi qərarlarının icrası, habelə korrupsiya ilə mübarizə məsələlərinə dair narahatlıq ifadə edilir. Qətnamə Azərbaycanı demokratik təsisatların fəaliyyətini təmin etmək, insan haqlarını qorumaq və Avropa Şurası standartlarına riayət etmək üçün konkret addımlar və islahatlar keçirməyə çağırır.

XS
SM
MD
LG