Accessibility links

Red Line Channel online televiziyası ofisdən çıxarılır


"Red Line Channel" internet kanalı
"Red Line Channel" internet kanalı

RLC (Red Line Channel) online televiziya kanalı fəaliyyətini mayın 5-dən müvəqqəti dayandırıb.

RLC-in baş redaktoru Samirə Qasımlı Amerikanın Səsinə bildirib ki, bir neçə gün öncə RLC internet kanalının da yerləşdiyi məkanın sahibi ofisin boşaldılmasını tələb edib.

O deyib ki, ona özünü təqdim etməyən hansısa rəsmi qurumun nümayəndəsi binanın qəzalı vəziyyətdə olduğu üçün boşaldılmalısını tələb edib. Halbuki şəhərin mərkəzi rayonunda yerləşən binada hazırda 3 saylı dövlət poliklinikası fəaliyyətini davam etdirir.

“Son bir neçə ayda biz RLC kanalı olaraq fəaliyyətimizə ara verərək yeni formatlar üzərində işləyirdik. Hər gün efirə çıxmaq, yeni verilişlərlə ölkədə baş verənlərin operativ təhlilini həyata keçirmək istəyirdik. Mətbuat azadlığının boğulduğu ölkələrdə müstəqil medianın ayaqda qala bilməsi üçün maliyyə dayaqları tapmaq çox çətindir. RLC məhz ölkədə fəaliyyət göstərərək və dəstəyi xalqdan alaraq işinə davam etmək qərarı verdi. Bu qərar, yəni müstəqil media qurumunun xalqdan maliyyə dəstəyi (ianə) alması hakimiyyətin qırmızı xətlərini keçmək demək idi. Ölkədə xalqdan maliyyələşib müstəqil fəaliyyət göstərmək avtoritar rejimlərin həm hekayələrini yalanlayır, həm də arzuolunmaz presedentlər yaradır. RLC məhz bu qərarı verdikdən sonra yerləşdiyi məkandan çıxması tələb edildi”, Qasımlı televiziyanın ofisdən çıxarılmasının səbəbini belə izah edib.

"Red Line Channel" internet kanalın təsisçisi və baş redaktoru Samirə Qasımlı
"Red Line Channel" internet kanalın təsisçisi və baş redaktoru Samirə Qasımlı

"Red Line Channel"in müxtəlif maneələrlə üzləşdiyini deyən Qasımlı bildirib ki, mart ayında kanalın Facebook səhifəsi ələ keçirilib və son 1 illik materialları səhifədən silinib. O qeyd edib ki, bundan öncə də kanal öz proqramlarına görə ofisindən məhrum edilib:

"RLC ölkədə tək-tük öz sözünü deyə bilən media kanalı idi ki, Azərbaycandakı mövcud idarəetmənin qırmızı xətlərinə toxunurdu, sistemin mahiyyətini açmağa yönəlik fəaliyyət göstərirdi. Kanalın əsas missiyası hakimiyyətin həyata keçirdiyi manipulyasiyalara aydınlıq gətirmək, işin əslini göstərmək və baş verənlərin mahiyyətini təfərrüatlı şəkildə çözmək idi. Bu fəaliyyət nəticəsində biz ofisdən çıxarılırıq".

Rəsmi qurumlar bununla bağlı hələ şərh verməyib. Bununla yanaşı dövlət rəsmiləri ölkədə söz və mətbuat azadlığının tam təmin edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini bildirir.

RLS internet televiziyası 2019-cu ildən fəaliyyətdədir. Təsisçisi və baş redaktoru Samirə Qasımlıdır. Televiziya siyasi-analitik verilişləri ilə tanınır.

XS
SM
MD
LG