Azərbaycan Xarici İşlər Nazirliyinə son günlər Sudanda silahlı qarşıdurma zamanı Azərbaycan vərəndaşlarının ziyan çəkməsi barədə məlumat daxil olmayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Amerikanın Səsinin sorğusuna cavabd bildirib ki, Sudanda Azərbaycan vətəndaşlarının mövcudluğu barədə bizdə heç bir məlumat yoxdur.
“Bu ölkədən təxliyə üçün hələ heç bir müraciət daxil olmayıb”, o qeyd edib.
Aprelin 15-də Sudanın paytaxtında ordu bölmələri ilə xüsusi təyinatlı qüvvələr arasında döyüşlər başlayıb.
Toqquşmalar başlayandan indiyədək azı 188 nəfər həlak olub, 1 800-dən çox insan yaralanıb. Aprelin 15-də ordu bölmələri ilə xüsusi təyinatlılar arasında başlayan silahlı toqquşmalar davam edir.
BMT Təhlükəsizlik Şurası döyüşən tərəfləri hərbi əməliyyatları dayandırmağa və sülh yolu ilə həllə nail olmaq üçün dialoqa başlamağa çağırıb.
Məlumatlarda deyilir ki, ordu ilə Çevik Dəstək Qüvvələri arasında son gərginliklər qrupun orduya necə inteqrasiyası və bu prosesə kimin nəzarət etməli olduğu ilə bağlı fikir ayrılıqlarından qaynaqlanır. Bu, ölkəni mülki idarəçilik yoluna qaytarmaq və 2021-ci ilin oktyabrında hərbi çevriliş nəticəsində yaranan siyasi böhrana son qoymaq səylərinin bir hissəsidir.
Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası Sudanda vəziyyəti müzakirə etmək üçün bazar günü Nayrobidə fövqəladə iclas keçirib. İştirakçılar Sudanın Çevik Dəstək Qüvvələrinin hərbi rəhbərlərini qarşıdurmanı azaltmağa və sabitliyi bərpa etməyə çağırıblar.
Ərəb Liqası ölkələri də Sudanda döyüşləri pisləyərək, sakitliyə çağırıblar.
Misir və Cənubi Sudan birgə bəyanatda Sudanın döyüşən tərəfləri arasında vasitəçilik etmək niyyətində olduqlarını açıqlayıblar.
Çevik Dəstək Qüvvələri Sudanın nizami ordusuna daxil olmayan və ölkənin Müdafiə Nazirliyinə tabe olmayan hərbiləşdirilmiş qüvvədir. Qrup 2019-cu ildə Sudanın avtoritar prezidenti Ömər Əl-Bəşiri hakimiyyətdən uzaqlaşdıran hərbi çevrilişi dəstəkləyib. 2021-ci ildə təxminən 100 000 üzvü olan təşkilat hakimiyyətin mülki idarəçiliyə təhvil verilməsini gecikdirən ikinci hərbi çevrilişi dəstəkləyib.
Ordu və mülki rəsmilər Çevik Dəstək Qüvvələrinin silahlı qüvvələrə daxil edilməsini tələb edir. Bununla bağlı danışıqlar aprelin 1-də başa çatmalı idi, lakin müqavilənin planlaşdırılan imzalanması qeyri-müəyyən müddətədək təxirə salınıb.