Accessibility links

Sudan ordusu və müxalif qüvvələr arasında döyüşlər azı 56 nəfərin ölümünə səbəb olub


Sudanda ikinci gündür rəqib qüvvələr arasında döyüşlər davam edərkən paytaxt Xartumda yaşayış binalarının üzərindən tüstü qalxır, 16 aprel 2023.
Sudanda ikinci gündür rəqib qüvvələr arasında döyüşlər davam edərkən paytaxt Xartumda yaşayış binalarının üzərindən tüstü qalxır, 16 aprel 2023.

Birləşmiş Millətlər Təşkilatı bildirir ki, Sudan ordusu və yarı-hərbi qüvvələr şənbə günündən bəri azı 56 nəfərin ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələnən döyüşlərdə üç saatlıq humanitar fasiləyə razılaşıblar.

BMT-nin bəyanatında deyilir ki, həm hərbçilər, həm də Çevik Dəstək Qüvvələri qrupu qarşıdurmalarda təklif olunan fasilənin şərtlərini qəbul edib.

Ümumdünya Ərzaq Proqramı şənbə günü baş verən zorakılıqlarda proqramın üç əməkdaşının öldürülməsindən sonra ölkədəki fəaliyyətini dayandırdığını bildirib.

Şənbə günündən bəri yüzlərlə insan, o cümlədən Xartumdakı Müqəddəs Daniel Komboni katolik məktəbinin 250 şagirdi şəhərin mərkəzində ilişib qalıb.

Sudanlı jurnalistlər sindikatının rəhbəri Abdulmuniem Abu İdris Amerikanın Səsinə mesajlaşma proqramı vasitəsilə bildirib ki, dördü qadın olmaqla, təxminən 12 jurnalist şənbə günü səhərdən Sudan-Küveyt biznes mərkəzində ilişib qalıb.

Abu İdris daha əvvəl döyüşən tərəflərə onların ailələrinin yanına getməsi üçün təhlükəsiz dəhliz yaratması ilə bağlı müraciət edib.

BMT Təhlükəsizlik Şurası döyüşən tərəfləri hərbi əməliyyatları dayandırmağa və sülh yolu ilə həllə nail olmaq üçün dialoqa başlamağa çağırıb.

Məlumatlarda deyilir ki, ordu ilə Çevik Dəstək Qüvvələri arasında son gərginliklər qrupun orduya necə inteqrasiyası və bu prosesə kimin nəzarət etməli olduğu ilə bağlı fikir ayrılıqlarından qaynaqlanır. Bu, ölkəni mülki idarəçilik yoluna qaytarmaq və 2021-ci ilin oktyabrında hərbi çevriliş nəticəsində yaranan siyasi böhrana son qoymaq səylərinin bir hissəsidir.

Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası Sudanda vəziyyəti müzakirə etmək üçün bazar günü Nayrobidə fövqəladə iclas keçirib. İştirakçılar Sudanın Çevik Dəstək Qüvvələrinin hərbi rəhbərlərini qarşıdurmanı azaltmağa və sabitliyi bərpa etməyə çağırıblar.

Ərəb Liqası ölkələri də Sudanda döyüşləri pisləyərək, sakitliyə çağırıblar.

Misir və Cənubi Sudan birgə bəyanatda Sudanın döyüşən tərəfləri arasında vasitəçilik etmək niyyətində olduqlarını açıqlayıblar.

Bazar günü səhər saatlarında şəhərin mərkəzində Sudanın hərbi qərargahı və prezident sarayı ətrafında güclü atışma səsləri eşidilib.

Həm hərbçilər, həm də Çevik Dəstək Qüvvələri bu strateji yerlərə nəzarəti ələ keçirdiyini iddia edir.

Çevik Dəstək Qüvvələri Sudanın nizami ordusuna daxil olmayan və ölkənin Müdafiə Nazirliyinə tabe olmayan hərbiləşdirilmiş qüvvədir. Qrup 2019-cu ildə Sudanın avtoritar prezidenti Ömər Əl-Bəşiri hakimiyyətdən uzaqlaşdıran hərbi çevrilişi dəstəkləyib. 2021-ci ildə təxminən 100 000 üzvü olan təşkilat hakimiyyətin mülki idarəçiliyə təhvil verilməsini gecikdirən ikinci hərbi çevrilişi dəstəkləyib.

Ordu və mülki rəsmilər Çevik Dəstək Qüvvələrinin silahlı qüvvələrə daxil edilməsini tələb edir. Bununla bağlı danışıqlar aprelin 1-də başa çatmalı idi, lakin müqavilənin planlaşdırılan imzalanması qeyri-müəyyən müddətədək təxirə salınıb.

XS
SM
MD
LG