Accessibility links

Fərid Mehralızadə: Gömrük tarifləri ilə bağlı güzəştlərin tətbiq edilməsi yaxşı biznes mühitinin ortaya çıxmasına kömək edə bilər


Fərid Mehralızadə -iqtisadçı
Fərid Mehralızadə -iqtisadçı

İqtisadçı Fərid Mehralızadə Amerikanın Səsinə müsahibəsində Azərbaycanda gömrük siyasətinin biznes mühitinə və istehlak bazarına təsirlərindən danışıb.

Amerikanın Səsi: Son zamanlar Azərbaycanda vətəndaşların ölkəyə şəxsi istehlak üçün gətirdiyi məhsullara, yeni gömrük rüsumları tətbiq olunması sosial şəbəkələrdə tənqid olunur. Belə ki, gətirilən əşyaların dəyərinin 800 dollardan artıq hissəsi vergiyə cəlb edilir. Bu qərar istehlakçıların maraqları baxımından nə dərəcədə əsaslıdır?

Fərid Mehralızadə: Ümumiyyətlə, 2020-ci ildə bu gömrüklə bağlı mövcud limitlərin aşağı salınmasından sonra periodik olaraq, gömrük rüsumları məsələsi Azərbaycan cəmiyyətində ciddi müzakirələrə səbəb olub. Bu müzakirələrin əslində üç fərqli tərəfi var. Məsələn, birinci sahibkarlar, istehlakçılar var və dövlət var. Burada dövlətin bu rüsumları aşağı salmaqda əsas arqumenti bundan ibarətdir ki, biz daxili bazarı qorumaq istəyirik. İnsanlar həmin o məişət texnikalarını və digər məhsulları yerli şirkətlərdən alsınlar. Yerli şirkətlərin də özünə görə haqlı səbəbləri var. Onlar deyirlər ki, biz Azərbaycanda vergi ödəyirik. Azərbaycanda biz işçilərə əmək haqqı ödəyirik, əlavə dəyər vergimiz var. Ona görə də bizim satdığımız malın maya dəyəri daha baha olur. Ona görə də biz rəqabəti uduzuruq. Amma burada istehlakçılar da məsələnin bu tərəfləri ilə maraqlanmır. İstehlakçı üçün lazım olan eyni məhsulu daha ucuz qiymətə almaqdır. Mən düşünürəm ki, bu problemlərin ortaya çıxmasının əsas səbəbi, hökümətin bu məsələyə yanaşması ilə bağlıdır. Əgər hökümət yerli sahibkarların rəqabətlik qabiliyyətini artırmaq istəyirsə, vətəndaşların xərcini artırmasın. Şirkətlərin, sahibkarların xərcini aşağı salsın. Bunun üçün də həmin məhsullarla bağlı gömrük rüsumlarının aşağı salınması tətbiq edilə bilər. Əlavə dəyər vergisi ilə bağlı güzəştlər tətbiq edilə bilər. Onlara müəyyən subsidiya mexanizmi tətbiq edə bilər.

Amerikanın Səsi: Ölkədə həyata keçirilən gömrük siyasəti biznes mühitinə və istehlak bazarına necə təsir edir?

Fərid Mehralızadə: Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının struktur problemləri gömrük sahəsində də özünü göstərir. Bizim ənənəvi olaraq iqtisadiyyatımız hasilat sənayesi üzərində qurulub. Yəni ixracımızın 92 faizi neft və qazdan ibarətdir. Digər sahələrdə bir o qədər də uğurlu iqtisadi mühit yoxdur Azərbaycanda. Bu baxımdan gömrük xidmətləri ilə bağlı mövcud şərtlər də Azərbaycanda biznes mühiti ilə birbaşa əlaqəlidir. Məsələn, Ümumdünya Ticarət Təşkilatı hər il müxtəlif ölkələrin gömrük rüsumları ilə bağlı müxtəlif statistik göstəricilər açıqlayır. Cənubi Qafazda ən yüksək orta gömrük rüsumu Azərbaycandadır. Azərbaycanda orta gömrük rüsumu 8.5 faizə bərabərdir. Müqayisə üçün Gürcüstanda bu iki faizə yaxındır. Eyni zamanda, digər ölkələrdə ümumiyyətlə gömrük rüsumundan azad olan məhsulların sayı Azərbaycana nəzərən qat-qat yüksəkdir. Bu baxımdan Azərbaycanın daha konservativ gömrük siyasətinin yürütdüyünün şahidi oluruq. Gömrük rüsumlarının yüksək olması, Azad Ticarət Sazişlərinin məhdud ölkələrinin olması bizdə ticarətçilərin işini daha da çətinləşdirir. Çünki bir çox qonşu ölkələr də Avropa Birliyi ilə güzşətli ticarət sazişinə malikdir .Təsəvvür edin ki, Azərbaycanın ən yaxın siyasi tərəfdaşı Türkiyədir. Bizim Türkiyə ilə olan azad ticarət sazişimiz belə çox məhdud sayda məhsulu əhatə edir. Bu baxımdan, Azərbaycanın xarici ticarətdə daha da inkişaf etməsi üçün ölkədə biznes mühitinin canlanması üçün təbii ki, ilk növbədə rəqabət mühitinin, qanunun aliliyi kimi institusional məsələlərin həllində ciddi addımlar atılmalıdır. Digər tərəfdən gömrük siyasəti ilə bağlı yumşalmalar gedilməsi, gömrük tarifləri ilə bağlı güzəştlərin tətbiq edilməsi ölkədə daha ciddi və yaxşı biznes mühitinin ortaya çıxmasına kömək edə bilər.

Amerikanın Səsi: Son zamanlar gömrük sahəsində çalışan bir sıra vəzifəli şəxslər rüşvət və mənimsəmə ittihamarl ilə həbs edilib. Hökumət isə bu sahədə ciddi islahatların aparıldığını bildirir. Sizcə, bunlar gömrük sistemində korrupsiya hallarının aradan qaldırılması üçün bəs edirmi?

Fərid Mehralızadə: Ümumiyyətlə, mən düşünürəm ki, gömrük sistemində bu tip mənfi halların ortaya çıxmasına münbit şərait yaradan amillər var. Biz bu amilləri aradan qaldırmadan həmin o problemlərin dayanıqlı həllinə nail ola bilmərik. Bu problemlər nədir? Azərbaycanda gömrük sistemi çox mürəkkəbdir. Xüsusilə, burada idxal edilən məhsulların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı mexanizmlər şəffaf deyil. Eyni zamanda çoxlu sənədlər tələb olunur. Məsələn, bununla bağlı uğurlu nümunələr olan ölkələrdə gömrük proseslərinin mərhələləri, maksimum çox sadə şəkildə həyata keçirilir. Təəssüf ki, Azərbaycanda ümumiyyətlə bir çox sahələrdə bürokratik proseslər çox mərhələlidir. Təbii ki, bu mərhələlərin sayının çox olması son nəticədə müxtəlif mənfi halların ortaya çıxması üçün bir növ şərait yaratmış olur. Digər tərəfdən mən düşünürəm ki, burada bir vacib məsələ də Azərbaycanda iqtisadiyyatda rəqabət mühitinin məhdud olması ilə bağlıdır. Çünki dəfələrlə deyilir, bununla bağlı müxtəlif tədqiqatlar var ki, Azərbaycanda həm də məmur sahibkarlığı var. Belə olan halda təbii ki, bəzi hallarda bəzi biznes subyektlərinə inzibati resurslar hesabına da dəstək göstərilə bilər. Ona görə də mən məsələnin həllinin əsas iki istiqamətini görürəm. Birincisi, gömrük prosesi çox sadə şəkildə qurulmalıdır ki, orada neqativ halların ortaya çıxması üçün bir eko sistem formalaşmasın, digər tərəfdən ölkədə biznes mühitinin yaxşılaşdırılması, fürsət bərabərliyi, bütün biznes qurumlarına eyni münasibət, inzibati hansısa təsir mexanizmlərinin aradan qaldırılması. Bu istiqamətlərdə addımlar atılsa biz o həmin mənfi halları aradan qaldıra bilərik.

XS
SM
MD
LG