Accessibility links

Natiq Cəfərli: Azərbaycanda təqaüdlərin artırılmasına ehtiyac var


Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda pensiya yaşı, pensiya yığımı və bu sahədəki problemlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycan Milli Məclisində pensiya yaşının azaldılması ilə bağlı təşəbbüslər var. Siz necə hesab edirsiniz, Azərbaycanda əhalinin pensiya yaşı orta ömrə uyğundurmu?

Pensiya yaşı ilə bağlı əvvəlcədən verilmiş qərarların özü yanlış idi.

Natiq Cəfərli: Azərbaycanda ümumiyyətlə pensiya islahatları 2004-2005-ci illərdən bəri 3-4 dəfə dəyişdirilib. Qanunvericilikdə tez-tez dəyişikliklər olub, yaşla bağlı əlavə və düzəlişlər olub. Amma bunların hamısında Avropa və dünya təcrübəsinə əsaslandıqlarını söyləyiblər. Azərbaycanın yerli spesifik xüsusiyyətlərini nəzərə almayıblar. Avropada ona görə təqaüd yaşını artırırlar ki, demoqrafik problem var. Yəni əhalinin qocalması problemi var. Azərbaycanda bu problem yoxdur. Ona görə də pensiya yaşı ilə bağlı əvvəlcədən verilmiş qərarların özü yanlış idi. Azərbaycanın yerli spesifik xüsusiyyətlərini, insanların ömrünün uzunluğunu və ümumiyyətlə təqaüdlə bağlı digər problemlər nəzərə alınmırdı. Ona görə də təqaüd yaşının artırılması özü-özlüyündə səhv qərar olduğunu təsbit etmək mümkündür. Amma məni maraqlandıran odur ki, Azərbaycanda təqaüd yaşının azaldılması ilə bağlı deyil, təqaüdlərin həcminin necə artırılması ilə bağlı müzakirələrə ehtiyac var. Çox təəssüf ki, bununla bağlı ciddi müzakirələr görmürük.

Amerikanın Səsi: Azərbaycan Avropa sosial xartiyasına qoşulub. Azərbaycanda orta pensiya orta əmək haqqı ilə, yaşayış minimumu ilə eynilik təşkil edə bilirmi?

Bizdə təqaüdçülər bəzi hallarda təqaüdlərinin demək olar ki, hamısını ərzaq və dərmana xərcləməyə məcbur qalır.

Natiq Cəfərli: Azərbaycan hökuməti müəyyən rəqəmlərin uyğunlaşdırılması ilə bağlı bəzi addımların atıldığını söyləyir. Yaşayış minimumu ilə minimum istehlak zənbilini birləşdirdilər. Minimum təqaüdün həcmini 240 manatdan 280 manata artırdılar. Orta aylıq əmək haqqının artım tempinin 13,9 faiz artdığını söylədilər. Yəni müəyyən qədər uyğunlaşmaya cəhdlər olub. Amma problem ondadır ki, bizdə statistik göstəricilərdə bir şey nəzərə alınmır. Avropada, Amerikada fərqi yoxdur, yəni inkişaf etmiş ölkələrdə təqaüdün hansı hissəsinin ərzaq və dərmana xərcləndiyi ilə bağlı xüsusi statistik göstəricilər var. Haradakı işləyənlərdə bu 20 faizi keçməməlidir. Təqaüdçülərdə isə bu 40 faizi keçməməlidir. Haradakı bu rəqəmlər özünü biruzə verir və normal təqaüdlə ərzaq qiymətləri arasında korrelyasiya (əmsalların qarşılıqlı əlaqənin xarakterindən asılı olaraq mənfi və ya müsbət dəyişməsi) mövcud olur, burada daha uğurlu bir nəticə əldə etmək olur. Bizdə isə təqaüdçülər bəzi hallarda təqaüdlərinin demək olar ki, hamısını ərzaq və dərmana xərcləməyə məcbur qalır. Hətta bu da çatmır, öz övladlarından, yaxınlarından dəstək də görməyə məcbur olurlar. Bu nöqteyi nəzərdən Azərbaycan o korrelyasiyalara uyğun gəlmir.

Natiq Cəfərli: Azərbaycanda təqaüdlərin artırılmasına ehtiyac var
please wait

No media source currently available

0:00 0:08:03 0:00

Amerikanın Səsi: Azərbaycanda belə bir statistik rəqəmə rast gəldim ki, əhalinin təxminən 40 faizə qədəri pensiya yaşına çatmamış dünyasını dəyişir. Ümumiyyətlə insanların pensiya fonduna yığdığı pulun xərclənməsi necədir? O 40 faiz dünyasını dəyişən insanların pensiya fonduna yığdığı pullar necə olur?

Son artımdan sonra yığım hissəsi 40 320 manata qalxdı. Yəni vətəndaş 40 320 manat toplamaldır ki, normal təqaüd ala bilsin. Bu da doğru yanaşma deyil.

Natiq Cəfərli: Əslində burada birinci problem ondan ibarətdir ki, prezidentin fərmanı və yaxud hökumətin qərarı ilə minimum təqaüd artan kimi Sosial Müdafiə Fondunun minimum hissəsi, yığımın minimum hissəsi avtomatik artır. Son artımdan sonra yığım hissəsi 40 320 manata qalxdı. Yəni vətəndaş 40 320 manat toplamaldır ki, normal təqaüd ala bilsin. Bu da doğru yanaşma deyil. Bu korrelyasiya aradan qaldırılmalıdır və minimum təqaüdün yığım fondunun minimum hissəsinə təsirləri qanundan çıxarılmalıdır. Yerdə qalan məsələlərlə bağlı qanunda hər hansı bir ziddiyət və ya hansısa bir məhdudiyyət yoxdur ki, ailələr öz ailə başçısını və yaxud ailə üzvünü itirdikdən sonra sosial müdafiə fondunda onun yığılmış vəsaitini ala bilər. Təəssüf ki, Azərbaycanda bu yalnız məhkəmə presedentləri yolu ilə mümkün olur. Qanunda bunun həyata keçirilməsi ilə bağlı mexanizm yoxdur. Bu mexanizmin yaradılması Nazirlər Kabinetinə tapşırılsa da artıq illər keçib, hələ bu mexanizmlə bağlı hansısa bir ipucu verilməyib. Ancaq məhkəmə qərarı ilə müəyyən ailələr presedent yaradaraq həmin vəsaiti geri ala bilib. Əslində necə olmalıdır? Əslində Azərbaycanda bir tək dövlətin sosial müdafiə fondu olmalı deyil. Özəl təqaüd fondları da yaradılmalıdır. Özəl təqaüd fondları ilə dövlət təqaüd fondu arasında rəqabət olmalıdır. Vətəndaşlarla fondlar arasında birbaşa və özəl fərdi müqavilələr bağlanmalıdır. Çünki təqaüd fondları, o cümlədən sosial müdafiə fondu vətəndaşlardan yığdığı vəsaitə heç bir əlavə ödəniş də etmir. Əslində bu bizim depozitimizdir. Banka qoyulan depozitlə sosial müdafiə fonduna verilən vəsait arasında ciddi bir fəlsəfi fərq yoxdur. Ona görə də özəl fondlar yaradılmalıdır, fərdi müqavilələr olmalıdır. Fərdi müqavilələrdə həmin vəsaitin gələcək taleyi açıq şəkildə göstərilməlidir.

Amerikanın Səsi: Sizcə, ölkədə pensiya islahatı necə aparılmalıdır? Yəni əsas aradan qaldırılacaq problemlər hansılardır?

Məsələn, indi Fransada təqaüd yaşının artırılmasına insanlar etiraz edir. Bizdə təqaüd yaşını artıranda insanlarda ciddi bir etiraz da görmürük.

Natiq Cəfərli: Birincisi Azərbaycanda təqaüdə çıxmaq istəyənlər azdır. Yəni müəllimlər olsun, həkimlər olsun, bəzi işçilər olsun, onlar təqaüdə çıxmaq istəmirlər. Çünki təqaüdün həcmi, maaşın həcmindən az olur, bəzən iki dəfə az olur. Ona görə də birincisi təqaüdə çıxmağı stimullaşdıracaq addımlara ehtiyac var. Normal, özünü dolandıra biləcək təqaüd ala biləcək insanlar olsun ki, onların özlərinin təqaüdə çıxmaq üçün arzusu olsun. Məsələn, indi Fransada təqaüd yaşının artırılmasına insanlar etiraz edir. Bizdə təqaüd yaşını artıranda insanlarda ciddi bir etiraz da görmürük. Çünki bəzi insanlar doğrudan da daha çox işləyərək daha çox maaş almağı, qazanmağı düşünürlər. Birinci, bu məsələ həllini tapmalıdır. İkinci, özəl təqaüd fondlarının yaradılmasının qarşısında duran sədlər, maneələr aradan qaldırılmalı, rəqabətli mühit yaradılmalıdır. Üçüncüsü fərdi müqavilə prinsipinə keçirilməlidir. Bizdə indi fərdi müqavilə prinsipi yoxdur. Sosial Müdafiə Fondu ilə bizdə işəgötürən arasında və yaxud da vergi hesabı açan kimi avtomatik olaraq o öhdəliklər üzərimizə yüklənir ki, siz bu qədər vəsait ödəməlisiniz. Bəs Sosial Müdafiə Fondunun hansı öhdəlikləri var? Bax bu öhdəliklər nə müqavilələrdə, nə də heç yerdə qeyd olunmur. Ona görə də fərdi müqavilələrə keçmək lazımdır. Bütün hüquqi prosedurlar müqavilələrdə öz əksini tapmalıdır ki, ailə başçısını itirərəkən, ailə üzvünü itirərkən yığılmış vəsaitlərin gələcək taleyi heç bir sual doğurmadan həmin ailənin sərəncamına keçə bilsin.

Amerikanın Səsi: Tez-tez rəsmi məlumatlarda belə xəbərlər keçir. Pensiya yaşının son həddinə çatdığına görə insan pensiyaya göndərilib. Sizcə bu yaşlanmış əhaliyə qarşı diskriminasiya deyilmi?

Azərbaycanda 1,7 milyon muzdla çalışan əhalinin 920 minə yaxını dövlətdə çalışır. Orada biz diskriminasiyanı tez-tez hiss edirik.

Natiq Cəfərli: Özəl sektorda ümumiyyətlə bu problem yoxdur və olmamalıdır. Özəl sektor özü qərar verir. Yaş həddini işəgötürənlə işçi arasında müqavilə tənzimləyir. İnsanın əgər əmək qabiliyyəti varsa, enerjisi varsa, çalışa bilirsə yaş məhdudiyyətinə baxmayaraq özəl sektorda çalışa bilir. Bu problem daha çox dövlət sektoruna aiddir. Amma bizdə təəssüf ki, 1,7 milyon muzdla çalışan, yəni əmək müqaviləsi ilə çalışan əhalinin 920 minə yaxını dövlətdə çalışır. Orada biz artıq bu diskriminasiyanı tez-tez hiss edirik. Dövlət orqanları qanunu əsas gətirərək 65 yaşına çatmış vətəndaşları avtomatik olaraq təqaüdə göndərmək səlahiyyətini özündə hiss edir. Amma qanun bunu birmənalı şəkildə izah etmir. Yəni orada yazılmayıb ki, 65 yaşı tamam olan kimi təqaüdə çıxmalıdır. Yazılıb ki, çıxa bilər. Bunu da işçi ilə işəgötürən arasında müqavilələr tənzimləməlidir. Dediyim kimi, özəl sektorda bu problem yoxdur və yaxud da olmamamlıdır. Amma dövlət sektorunda bu problem var.

XS
SM
MD
LG