Fransada on minlərlə nümayişçi planlaşdırılan pensiya islahatlarına qarşı etirazların üçüncü raunduna başlayaraq yürüş keçirib. Yeni ümummilli tətillər ictimai nəqliyyat və məktəblər, eləcə də elektrik, neft və qaz təchizatını dayandırıb.
Etirazlar Fransa qanunvericilərinin minimum pensiya yaşını 62-dən 64-ə qaldıran qanun layihəsini müzakirə etməyə başlamasından bir gün sonra baş verib. Qanun layihəsi prezident Emmanuel Makronun ikinci dönəm hakimiyyəti dövründə ən mühüm qanunvericilik aktıdır.
Paris, Nitsa, Marsel, Tuluza, Nant və başqa şəhərlərdə on minlərlə insan yürüş keçirib. Fransa paytaxtında çoxu gənc olan etirazçılar “Pensiyanın qayğısına qal” və “Nənələrə deyil, milyarderlərə vergi tətbiq edin” yazılmış plakatlarla Opera ərazisində dinc şəkildə yürüş ediblər.
Rəsmilər bildirir ki, ötən həftə təxminən 1,27 milyon insan nümayiş keçirib. Bu isə yanvarın 19-da keçirilmiş ilk böyük etirazda olduğundan daha çox insanın iştirak etdiyi deməkdir. Bu həftənin şənbə günü Fransanın səkkiz əsas həmkarlar ittifaqı tərəfindən çağırılan daha çox nümayişlərin keçirilməsi gözlənilir.
Dəmiryol operatoru SNCF çərşənbə axşamı, ölkə daxili qatar xidmətləri, o cümlədən yüksək sürətli qatar şəbəkəsinin işinin ciddi şəkildə pozulduğunu bildirib. Britaniya və İsveçrəyə gedən beynəlxalq xətlərin də işinə bunun təsiri olub. Paris metrosu da fəaliyyətini dayandırıb.
Enerji istehsalçısı EDF bildirib ki, etiraz hərəkatı elektrik enerjisinin kəsilməsinə səbəb olmasa da, müvəqqəti olaraq azaldılmasına gətirib çıxarıb.
TotalEnergies şirkəti bildirir ki, neft emalı zavodlarında işçi qüvvəsinin yarıdan çoxu tətil edib.
Təhsil Nazirliyi müəllimlərin təxminən 13%-nin tətil etdiyini bildirib. Bu da ötən həftə etiraz günü ilə müqayisədə azalma deməkdir.
Keçirilən rəy sorğularının ictimaiyyətin buna qarşı olmasını göstərməsinə baxmayaraq, prezident Emmanuel Makron dəyişikliklərlə davam edəcəyinə söz verib.
Qanun layihəsində minimum pensiya yaşının 2030-cu ilə qədər tədricən 64-ə çatdırılması və insanların tam pensiya ala bilməsi üçün azı 43 il işləməsi şərtinin irəli sürülməsi nəzərdə tutulur.
Hökumət dəyişikliklərin pensiya sistemini maliyyə baxımından ayaqda saxlamaq üçün nəzərdə tutulduğunu bildirir. Fransanın yaşlanmış əhalisinin qarşıdakı onillikdə sistemi defisitə sala biləcəyi gözlənilir.