Martın 27-də Saatlı rayonunun Çolpu kənd (Bakıdan 182 kilometr cənub-qərb) sakinləri suvarma suyunun verilməməsinə etiraz olaraq aksiya keçirb. Etirazçılar "Dördyol" deyilən avtomobil yolunu kəsərək, su qıtlığı probleminin həll edilməsini tələb ediblər.
Aksiya iştirakçıları bildiriblər ki, əkinləri sulamaq üçün su almaq məcburiyyətindədirlər.
"Qonşu kəndlərə su gəlir, bizim suyumuzu isə məmurlara verirlər", etirazçılardan biri bildirib.
Sakinlər dövlət orqanlarının onların problemləri ilə maraqlanmamasından gileyləniblər.
"Necə olur Sabirabad rayonunda əhali əkinini sulaya bilir, Saatlıda su tapılmır. Son günlər çaylarda suyun səviyyəsi də qalxıb, amma bizdə yenə su yoxdur. Çünki Sabirabadda su nasosları qoyulub, bizim kənddə bu yoxdur. Bir də Saatlıda suvarma suyundan çınqıl yataqlarında çınqılın yuyulması üçün istfadə edilir və balıq vətəgələrinə yönəldirlər. Bu səbəblərdən də suvarma suyu çatışmır. Suyun idarəedilməsi düzgün qurulmayıb", digər etirazçı Amerikanın Səsinə deyib.
Rayon sakinləri bundan öncə martın 13-də etiraz aksiyası keçirib. Aksiyanı polis dağıdıb, üç nəfər inzibati qaydada həbs edilib.
Bugunkü aksiya zamanı polis müdaxiləsi olmayıb.
Öz növbəsində, Saatlı rayon icra hakimiyyəti başçısının müavini Gündüz Səmədli Amerikanın Səsinə bildirib ki, Çolpu kənd sakinləri etiraz aksiyası keçirməyib. Bununla yanaşı, Səmədli əkin suyu ilə bağlı problemlərin olduğunu etiraf edib.
"Nəinki Çolpu kəndində, onun qonşuluğundakı Nabatkənd, Orta Muğan, Mircəlal, Sultanabad və başqa kəndlərdə problem var. Rayona daxil olan suyun səviyyəsi normadan aşağı olduğu üçün müəyyən çətinliklər yaşanır. Problemin həlli istiqamətində istər icra hakimiyyəti, istərsə də digər qurumlar tərəfindən işlər həyata keçirilir. Çalışırıq ki, az su olsa da insanlara su çatdıraq. Sağ olsun camaatımız onlarla birgə çalışırıq. Ümid edirəm suyun səviyyəsi artar hər şey düzələr", o qeyd edib.
Gündüz Səmədli suvarma suyundan çınqıl yuyulmaslı və balıq vətəgələrində istifadə edilməsi ilə bağlı etirazçlıların dediklərini təkzib edib.
"Saatlı rayonunda ümumiyyətlə çınqıl yatağı yoxdur", o qeyd edib
Saatlı rayonunda əkin sahələrinin suvarılması üçün əsas su mənbəyi Araz çayıdır. Son illərdə çayda və ümumiyyətlə digər çaylarda suyun səviyyəsinin bir neçə dəfə azaldığı müşahidə edilir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə, qlobal iqlim dəyişiklikləri səbəbindən ilin isti aylarında Kür və Araz çaylarının sululuqlarının azalması, dağ çaylarının böyük əksəriyyətinin isə tamamilə quruması müşahidə olunmaqdadır.
"Keçmiş illərə nəzər salsaq görərik ki, Mingəçevir su anbarına çoxsululuq dövrlərdə daxil olan su həcmi 15-16 milyard kubmetr, azsululuq illərində 8-9 milyard kubmetr olsa da, son illərdə bu göstərici 6-7 milyard kubmetrə qədər azalıb. Proqnoz məlumatlara əsasən ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz azalması gözlənilir", məlumatda qeyd edilir.