Accessibility links

Azərbaycanda əhalinin 11 faizi pensiya alır, ekspert rəyi və siyasi baxış


2023-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 114,2 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1 milyon 200,5 min) pensiyaçı qeydiyyatda olub, bu da ölkə əhalisinin 11 faizini təşkil edir. Onların 62,5 faizi yaşa, 24,5 faizi əlilliyə, 13 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Komitə bildirir ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artaraq 372,1 manat təşkil edir və orta aylıq əmək- haqqının 44,3 faizinə bərabərdir.

“Əmək pensiyaları haqqında” Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,6 faiz artırılaraq, 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir.

“Belə ki, 2023-cü ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 128,3 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 113,6 min) nəfər, əlilliyə görə - 46,7 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi 209,5 min (müvafiq olaraq 55,8 min və 206,1 min) nəfər, ailə başçısını itirməyə görə - 56,1 min (54,3 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 24,3 min (22,9 min) nəfər olub”, Dövlət Statistika Komitəsi bildirir.

Məlumatda deyilir ki, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 202 nəfər qəyyumuna aylıq müavinət verilir.

“Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 5,6 min ailəsinə 8,7 min uşaq üçün aylıq müavinət verilir. Bundan əlavə, 3677 nəfər bir yaşınadək uşağı olan 3572 aztəminatlı ailəyə, övladlığa götürülən, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş 14 uşağa görə 12 ailəyə və beşdən çox uşağı olan 2,6 min qadına 10,8 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 313 şəxsə isə kompensasiya verilir”.

Statistika Komitəsi bildirir ki, 2022-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 55,5 min ailəyə 58,4 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,9 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 7,3 min nəfərə birdəfəlik müavinətlər verilib.

Həmçinin 2023-cü il yanvarın 1-i vəziyyətinə 65,5 min aztəminatlı ailənin 290,8 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 88,09 manat təşkil edib.

Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 382 min şəxsə Azərbaycan Prezidentinin təqaüdü təyin olunub.

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, Azərbaycanda pensiya islahatlarına ciddi ehtiyac var. Onun fikrincə indiyədək pensiya sahəsində aparılan islahatlar özünü doğrultmayıb.

“İnkişaf etmiş ölkələrdə təqaüdün hansı hissəsinin ərzaq və dərmana xərcləndiyi ilə bağlı xüsusi statistik göstəricilər var. Haradakı işləyənlərdə bu 20 faizi keçməməlidir. Təqaüdçülərdə isə bu 40 faizi keçməməlidir. Haradakı bu rəqəmlər özünü biruzə verir və normal təqaüdlə ərzaq qiymətləri arasında korrelyasiya mövcud olur, burada daha uğurlu bir nəticə əldə etmək olur. Bizdə isə təqaüdçülər bəzi hallarda təqaüdlərinin demək olar ki, hamısını ərzaq və dərmana xərcləməyə məcbur qalır. Hətta bu da çatmır, öz övladlarından, yaxınlarından dəstək də görməyə məcbur olurlar. Bu nöqteyi nəzərdən Azərbaycan o korrelyasiyalara uyğun gəlmir”, o qeyd edib.

XS
SM
MD
LG