Accessibility links

Jurnalist Əvəz Zeynallının məhkəməsi başlayır


Əvəz Zeynallı
Əvəz Zeynallı

"Xural Yayınları" MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynalovun cinayət işi üzrə martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə hazırlıq iclası olacaq.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin elektron məhkəmə portalında məlumat yayılıb.

Məlumatda deyilir ki, jurnalist Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (Dövlət Hakimiyyəti, Dövlət Qulluğu Mənafeyi Və Yerli Özünüidarə Orqanlarinda, Habelə Digər Kommersiya Və Qeyri-Kommersiya Təşkilatlarinda Qulluq Mənafeyi Əleyhinə Olan Cinayətlər) ilə ittham olunur.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, "Xural Yayınları" MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynalov və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynalovun ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Əvəz Zeynalov və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib" , məlumatda deyilir.

Rəsmi məlumatda qeyd edilib ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) 311.3.2,(təkrar rüşvət alma) 311.3.3( küllü miqdarda rüşvət alma), 311.3.4,( hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2 (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə iştirakçılığı) və 312-1.1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə)və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə yekun ittiham elan edilib .

Öz növbəsində, bir müddət əvvəl jurnalistin həyat yoldaşı Məlahət Zeynallı həyat yoldaşına istinadən bildirib ki, Əvəz Zeynalovun özünə qarşı ittihamların tamamilə əsassız və saxta olması səbəbilə istintaqda heç bir ifadə verməyib və heç bir sənədi imzalamayıb.

2022-ci il sentyabrın 10-da vəkil Elçin Sadıqov və Xural TV internet televiziyasının təsisçisi Əvəz Zeynalov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına buraxıb.

Sonradan ona qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Əvəz Zeynalovun həbs müddəti 3 ay uzadılıb.

XS
SM
MD
LG